Düşmən üzərində zəfər qazandığımız Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsində ucalan, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülən şəhid Muxtar Qasımlının 31-ci doğum günü qeyd edilib. Anım tədbirində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir iştirakçılar əvvəlcə Əmircan qəsəbəsi, Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Daha sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzində davam edən tədbirdə RİH başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimiz, qazilərimiz və ümumilikdə ordumuzun, xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Əziz Əzizov Suraxanı rayonunda da bu qayğının davam etdirildiyini diqqətə çatdırıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov çıxışında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını bildirib, Vətən müharibəsinin Azərbaycan gənclərində, torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha nümayiş etdirdiyini, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini diqqətə çatdırıb.
Şəhid Muxtar Qasımlının valideynləri Almaz və Əli Qasımovlar dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, göstərilən hər cür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkürlərini bildiriblər.
Şəhid Muxtar Qasımlı adına İdman Mərkəzinin karate bölməsinin rəhbəri, dünya Avropa çempionu, əməkdar məşqçi Siyavuş Bayramovun və Suraxanı Gənclər evinin direktoru Natavan Rüstəmovanın çıxışlarından sonra mərkəzin bir qrup idmançısına qazandıqları nailiyyətlərə görə Suraxanı Gənclər evi tərəfindən diplomlar təqdim olunub.
Bədii hissə ilə davam edən tədbirdə əməkdar artist müğənni, xanəndə İlkin Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar artist, professor Ağalar Bayramov, əməkdar artist Elçin Nağıyev, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ərəstun Quliyev, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor kollektivi və rayonun fəal gəncləri çıxış ediblər.