Martın 14 –də Vətən müharibəsinin şəhidi Fərzullazadə Mehdi Zaman oğlunun və 1-ci Qarabağ müharibəsinin şəhidi Abdullayev Murad Nadir oğlunun adlarının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq – abidə kompleksinin açılış mərasimi keçirilmişdir.
Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Afət xanım Həsənova, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər və Şəhid ailələri iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq bildirmişdir ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz və xalqımız tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, şəhidlərin əziz xatirəsi hər zaman yaddaşlarda yaşayacaqdır. İstər Birinci, istərsə də İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının müstəqil Azərbaycan Respublikasının azadlığı uğrunda canlarından keçdiyini qeyd edən YAP rəsmisi hər bir şəhidimizin ruhu qarşısında baş əydiyini dedi. Yerli təşkilatın sədri bütün şəhid ailələrinə və qazilərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın diqqətindən bəhs edərək demişdir ki, bu gün açılışını etdiyimiz bulaq – abidə kompleksi də Ali dövlət rəhbərlərinin qayğısının bariz təzahürüdür.
Həmçinin, Milli Məclisin deputatı Afət xanım Həsənova və digər qonaqlar 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.
N.Həmidov adına 208 saylı tam orta məktəbin şagirdləri tərəfindən Şəhidlərimizin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirilmişdir.
Mərasimdən sonra Bülbülə qəsəbəsində, Şəhidlər xiyabanında Şəhidlərimizin məzarı ziyarət edilmiş, önünə gül dəstələri düzülərək ruhuna dualar oxunmuş, əziz xatirələri ehtiramla yad edilmişdir.