Suraxanı rayonu 76 nömrəli tam orta məktəbdə “20 Yanvar Ümumxalq Hüzn Günü” ehtiramla yad edilib
19 yanvar 2026-cı ildə Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbdə “20 Yanvar Ümumxalq Hüzn Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Şəfəq İbişova və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şəfəq İbişova çıxış edərək bildirmişdir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının kollektiv yaddaşında həm kədər, həm də mənəvi üstünlük hissi ilə xatırlanır. Bu günün faciə olması ilə yanaşı, onun milli iradənin sarsılmazlığını göstərməsi də xüsusi qeyd olunur. Şəhidlərimizin fədakarlığı ölkənin müstəqillik yolunda ödədiyi ən ağır bədəllərdən biri kimi qəbul edilir. Bu səbəbdən onların xatirəsinin yaşadılması yalnız emosional bir anım deyil, həm də dövlətçilik ənənəsinin ayrılmaz hissəsidir.
Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxış edərək demişdir ki, hadisələrə ilk andan etibarən kəskin və prinsipial münasibət bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. O, Moskvada Azərbaycanın nümayəndəliyində mətbuat konfransı keçirərək Sovet rəhbərliyinin bu qanlı qərarını açıq şəkildə pisləmiş, bunun insanlıq əleyhinə cinayət olduğunu bəyan etmişdir. Heydər Əliyev Azərbaycana əlavə qoşun yeridilməsinin heç bir əsasının olmadığını vurğulayaraq, bu qərara görə həm Sovet rəhbərliyinin, həm də xalqı tək buraxaraq ölkəni tərk etmiş o dövrkü respublika rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Bu mövqe Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynamışdır.
Daha sonra Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivinin hazırladığı ədəbi-bədii kompaziya görüş iştirakçılarına təqdim olunmuşdur.