YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı görüşlər uğurla davam edir
28 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn strateji vəzifələrin müzakirəsinə həsr olunmuş mütəmadi görüşlərini uğurla davam etdirir. Növbəti belə tədbir Hövsan qəsəbəsi, “MİDA Hövsan yaşayış kompleksi”, Gənclik küçəsi 5 ünvanında (172 nömrəli tam orta ümumtəhsil məktəbi) yerləşən Ərazi Partiya Təşkilatında (ƏPT) keçirilmişdir.
Görüşdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, ƏPT sədri, 172 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vəfa Bağırova, Hövsan Bələdiyyəsinin sədri, ƏPT sədri Seymur Rəsulov, ƏPT sədrinin müavini, Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Bəhmən Məmmədov, şəhid ailələrinin üzvləri, bələdiyyə üzvləri və hər iki ƏPT-nin fəaliyyət göstərən YAP fəalları iştirak etmişlər.
ƏPT sədri, 172 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Vəfa Bağırova çıxış edərək bildirmişdir ki, cənab Prezident YAP-ın VIII Qurultayındakı çıxışında çox ciddi bir məqama da toxunmuşdur: “İdeoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb, yəni yeni, müasir ideoloji işlər aparılmalıdır". Vəfa Bağırova vurğulamışdır ki, təhsilin keyfiyyətini və şagirdlərin real bilik və bacarıqlarını artırarkən tənqidi və analitik düşünməni inkişaf etdirməliyik. Eyni zamanda vətənpərvərlik və dövlətçilik tərbiyəsini, müasir tariximizi, şanlı Zəfər tariximizi, 8 Noyabr və 20 Sentyabr tarixlərinin xüsusi tarixi əhəmiyyətini və milli yaddaşı gənc nəslə ən düzgün formalarla ötürməliyik.
ƏPT sədri, Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov çıxışında qeyd etmişdir ki, dövlətimizdə ideoloji təhlükəsizlik və vətənpərvərlik işi həmişə, hər zaman ən yüksək səviyyədə aparılıb və bu gün də aparılır. Lakin indiki internet, sosial şəbəkə, kiberhücum və süni intellekt əsrində ideoloji risklər dövlət sərhədlərini tanımır. Gənclərin beynini zəhərləmək, şayiə yaymaq və uşaqları cəmiyyətə qarşı çaşdırmaq üçün hər gün virtual məkanda tam fərqli, yeni təxribatlar törədilir. Prezident bu məqamlara toxunaraq öz tövsiyələrini vermişdir.
ƏPT sədrinin müavini, Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçisi Bəhmən Məmmədov öz növbəsində demişdir: “Dövlətimizin hər zaman həyata keçirdiyi ideoloji təhlükəsizlik missiyasını, gənclərin mənəvi tərbiyəsi işini müasir dövrün tələblərinə uyğunlaşdıran bu mühüm və yeni addımların təməli məhz bizim dövrümüzdə, ilk dəfə bizim bu doğma kollektivlə birgə atılır. Və mən tam əminəm ki, biz bu işləri bundan sonra da eyni sevgi və eyni qətiyyətlə davam etdirəcəyik”.
Şəhid Elvin Əlimovun anası, YAP-ın fəal üzvü İradə Əlimova çıxış edərək bildirmişdir ki, uzun illər ərzində ölkəmizin keçdiyi hər bir inkişaf mərhələsinə, partiyamızın hər bir uğuruna yaxından şahidlik etmiş, bir ziyalı və təhsil işçisi kimi bu proseslərdə hər zaman aktiv iştirak etmişdir. Arxaya baxanda biz tamamilə başqa, ağır problemlərlə mübarizə aparan bir ölkədən, bu gün ərazi bütövlüyünü tam bərpa etmiş, güclü və dünya miqyasında söz sahibi olan müstəqil bir dövlətə çevrilmişik.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev qurultayda qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Ənvər Haqverdiyev vurğulamışdır ki, partiyanın Sədri, Prezident cənab İlham Əliyevin proqram xarakterli çıxışında vurğulandığı kimi, Azərbaycan artıq postmünaqişə dövrünü tamamlayaraq suveren inkişaf mərhələsinə qədəm qoyub. YAP artıq işğaldan azad edilmiş torpaqların yenidən qurulması, regional təhlükəsizlik və dayanıqlı sülhün qorunması prioritetlərinə yönəlir.
Görüşdə çıxış edən digər fəallar da Yeni Azərbaycan Partiyasının bu gün sadəcə siyasi arenada fəaliyyət göstərən bir qurum olmadığını, onun müstəqil dövlətçiliyimizin dünənini, bu gününü və gələcək hədəflərini özündə birləşdirən ümummilli bir məfkurəyə çevrildiyini diqqətə çatdırmışlar.