Prezidentin II Qlobal Media Forumundakı çıxışında mühüm çağırışlar səsləndirib
Nailə Sadıqova
YAP Suraxanı rayon təşkilatının faəl üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb. Dövlətimizin başçısının çıxışında xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb. Azərbaycan qazının Avropaya nəqlindən söz açılıb. Azərbaycanın məqsədi Azərbaycan qazının Avropaya nəqlini ikiqat artırmaqdır. Mövcud nəqliyyat şəbəkəsi vasitəsilə resursların Avropaya çatdırılması planlaşdırılır.
Dövlətimizin başçısının nitqindən gətirilən sitatda deyilir: “2021-ci ildə biz Avropaya bir milyard kubmetrdən çox qaz nəql etmişik. Bu il biz təkcə Avropaya 13 milyard kubmetr nəql edəcəyik. 2027-ci ilin sonuna kimi biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, eləcə də interkonnektorlar vasitəsilə Avropaya çatdırılması planlaşdırılır”.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb. Sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.
Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.
Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla, mesajlarla zəngindir. Dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.
Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun qatıldığı Forum media sahədə də qurulan körpülərin daha da möhkəmləndirilməsinin bir çağırış olduğunu nümayiş etdirir. Bu, istər regionda, istər dünyada, istərsə də ayrı-ayrı ölkələrdə baş verən hadisələr barədə daha dolğun məlumatların əldə edilməsinə, obyektiv, qərəzssiz işıqlandırılmasına öz müsbət təsirini göstərəcək.