Azərbaycan xalqı Faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermişdir

Azərbaycan xalqı  Faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfələr vermişdir

Aygün Abbasova

Yeni Azərbaycan Partiyasının təəssübkeşi

Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin müəllimi

Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur və müharibə veteranları daim yüksək diqqətlə əhatə olunurlar. 1941-1945-ci illər Böyük Vətən müharibəsi başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan xalqı cəbhəyə 600 mindən çox vətəndaş səfərbər edib və döyüşə yola salıb. Müharibə illərində göstərdikləri igidliyə görə 42 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülüb. 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir.

Azərbaycancan Faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdürlər.

Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldular.

Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar. Həmyerlilərimizin qələbədə həlledici mövqeyi və göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 9 May - Qələbə Günü rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə başlamışdır. Müharibə veteranlarına imtiyazlar verilmiş, onlara diqqət və qayğı artırılmışdır. Ulu Öndərin hər il müharibə veteranları ilə görüşlər keçirilməsi və onlarla səmimi söhbət edərək qayğıları ilə maraqlanması bu şəxslərə yüksək diqqətin təzahürü idi. Ulu öndər Heydər Əliyev müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirərək deyirdi: «Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur».

Ulu Öndər Heydər Əliyevin müharibə veteranlarına həssas yanaşması Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ulu öndərin bu sahədəki siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev Böyük Vətən müharibəsinin xalqımızın tarixindəki rolunu daim yüksək qiymətləndirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər il görkəmli sərkərdə Həzi Aslanovun və xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edirlər. Hələ 2005-ci ildə Heydər Əliyev Fondunda keçirilən İkinci Dünya müharibəsində Qələbənin 60 illik yubileyinə həsr olunmuş mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "İstəyirəm biləsiniz ki, mən veteranlara bundan sonra da böyük qayğı ilə yanaşacağam. Sizin böyük xidmətləriniz olubdur, böyük yol keçmisiniz. Azərbaycan üçün, dövlətimizin inkişafı üçün böyük töhfələr vermisiniz. Hər bir vətəndaş, hər bir insan, xüsusilə, vəzifəli şəxs sizə böyük diqqət və qayğı göstərməlidir. Mən tabeliyimdə olan bütün məmurlara da tapşırmışam ki, sizin problemlərinizlə məşğul olsunlar, lazımi işləri görsünlər ki, siz rahat yaşayasınız. Sizin buna haqqınız çatır. Siz Azərbaycan xalqının rifahı naminə fədakarcasına çalışmısınız".

Prezident İlham Əliyev Böyük Vətən Müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bütün bunlar Azərbaycanın keçdiyi şərəfli yola yüksək hörmətin təzahürü kimi xalqımız və müharibə veteranları tərəfindən də alqışlanır. Cəmiyyət də bu siyasəti dəstəkləyir və yüksək diqqət sərgiləyən təşəbbüslər nümayiş etdirir. Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, qəhrəmanların şərəfinə abidələr ucaldılıb, onların adları əbədiləşdirilib. Azərbaycan xalqı bu Qələbənin qazanılmasına kifayət qədər böyük töhfələr verib. Bu xalqımızın qürur tarixinin parlaq səhifələri, şərəfli keçmişimizin göstəricisidir. İndi qarşımızda dayanan ən böyük vəzifələrdən biri xalqımızın bu Qələbənin əldə edilməsindəki tarixi xidmətlərini təbliğ etmək, nəsildən-nəslə ötürməkdir.