Prezident müsahibəsində ordu quruculuğu və müdafiə sənayesinin inkişafını xüsusi vurğulayır

Prezident müsahibəsində ordu quruculuğu və müdafiə sənayesinin inkişafını xüsusi vurğulayır
Leyli Rüstəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor əvəzi

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasətində əldə olunan mühüm nailiyyətləri, gələcək hədəfləri və regional reallıqları əhatə edən geniş məzmunlu çıxış kimi qiymətləndirilə bilər. Bu müsahibə bir daha göstərir ki, Azərbaycanın inkişaf strategiyası düşünülmüş, ardıcıl və milli maraqlara əsaslanan siyasət üzərində qurulub.

Prezidentin vurğuladığı əsas məqamlardan biri Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlardır. Xüsusilə Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələnin başlanması, strateji işçi qrupunun yaradılması və Zəngəzur dəhlizi məsələsinin beynəlxalq səviyyədə qəbul olunması ölkəmizin artan geosiyasi əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda Çinlə strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu iştirak Azərbaycanın beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir.

Müsahibədə Azərbaycanın nəqliyyat və logistika sahəsində oynadığı mühüm rola xüsusi diqqət yetirilir. Mərkəzi Asiyanı Qərblə birləşdirən etibarlı körpü rolunda çıxış edən Azərbaycan regionun əsas tranzit ölkəsinə çevrilməkdədir. Zəngəzur dəhlizi, Bakı-Sumqayıt dəmir yolu, yol-nəqliyyat infrastrukturunun inkişafı bu strategiyanın əsas dayaqlarıdır.

İqtisadi sahədə əldə olunan nəticələr də diqqətəlayiqdir. Xarici borcun ÜDM-də payının tarixi minimum səviyyəyə enməsi, valyuta ehtiyatlarının borcu dəfələrlə üstələməsi ölkə iqtisadiyyatının dayanıqlığını sübut edir. Qarabağ və Şərqi Zəngəzur üçün xüsusi investisiya proqramlarının mövcudluğu isə azad edilmiş ərazilərin sürətli bərpasına xidmət edir. Artıq bu ərazilərdə on minlərlə insanın yaşaması aparılan siyasətin real nəticəsidir.

Enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas sahələrdən biridir. Azərbaycan bu gün bir çox ölkələr üçün etibarlı qaz təchizatçısıdır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, bərpaolunan enerji mənbələri, xüsusilə külək enerjisi sahəsində böyük potensialın mövcudluğu gələcəyə yönəlmiş siyasətin göstəricisidir.

Prezident İlham Əliyev müsahibəsində ordu quruculuğu və müdafiə sənayesinin inkişafını da xüsusi vurğulayır. İkinci Qarabağ müharibəsində əldə olunan Qələbə Azərbaycanın hərbi gücünün və siyasi iradəsinin nəticəsi kimi dəyərləndirilir. Yerli hərbi sənayenin formalaşması və müasir silah istehsalı ölkənin təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına imkan yaradır.

Müsahibədə humanitar və sosial məsələlər də ön plandadır. Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı, vətəndaş mərkəzli siyasət, Azərbaycan dilinin

qorunması, təhsil və gənclərin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Prezidentin qeyd etdiyi kimi, inkişaf etmiş cəmiyyətin təməli elmə, təhsilə və intellektual potensiala söykənir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibəsi müasir Azərbaycanın güclü dövlət modeli, müstəqil siyasəti və gələcəyə inamla baxan strategiyasını aydın şəkildə əks etdirir. Bu siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, dövlətin suverenliyi və milli maraqlar dayanır.