Prezident İlham Əliyevin sülh çağırışlarına rəğmən rəsmi İrəvanı revanşizm əhvalını dəstəkləyir

Prezident İlham Əliyevin sülh çağırışlarına rəğmən rəsmi İrəvanı revanşizm əhvalını dəstəkləyir

Svetlana Hənifəyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri

Sentyabrın 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı halda, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi. Rəsmi İrəvan sərhəd təxribatları ilə Avropa İttifaqının vasitəçilik səylərinə də zərbə vurur.

Uzun müddətdir Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil.

Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır.

Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.

Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi qarşıya qoyulan ən ümdə hədəflərdən biridir. Onu da əlavə edək ki, bu gün Azərbaycan dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə sərmayə yatırır. Çindən Avropaya və geriyə yükdaşımalar üçün ən qısa nəqliyyat marşrutu olan, Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti bunun əyani sübutudur. Cənab İlham Əliyev bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən bildirib: "Coğrafi yerləşməmizdən istifadə edərək biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

Ölkənin tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur. Son 16 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində həyata keçirilən layihələrə nəzər yetirsək bunu aydın şəkildə görərik.