Prezident Ermənistanın baş nazirinin Azərbaycana qarşı təxribatının qarşısını aldı

Prezident Ermənistanın baş nazirinin Azərbaycana qarşı təxribatının qarşısını aldı

Arzu Məmmədova 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Mayın 25-də Avrasiya İqtisadi Şurasının Moskva şəhərində geniş tərkibdə iclası keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin iclasda qonaq qismində iştirak etmişdir.  Prezident İlham Əliyev çıxışında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların və Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacağını qeyd etdi.     

Ölkə başçısı İlham Əliyev bildirdi ki, “ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir.

Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir.

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük.

Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. Eyni zamanda qeyd olundu ki, təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır.

Görüşdə diqqətçəkən məqam Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı kiçik replika adlandırdığı təxribatçı suallarını ifşa edərək, düzgün və əhatəli cavablandırması oldu. Azərbaycan Prezidenti İlham Əliyev söylədi ki, “Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur. “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var”.

Bəli, çox qürurverici anlar idi ki, mötəbər iclasda Prezident İlham Əliyev müstəqil Azərbaycanın son illərdə qazandığı uğurlarından, qəhrəman oğullarımızın işğaldan azad etdiyi tarixi torpaqlarımızda həyata keçirilən yenidənqurma işlərindən söhbət açdı. Ən əsası, 44 günlük Vətən müharibəsində Ermənistanı döyüş meydanında Dəmir yumruğu ilə darmadağın edən müdrik, uzaqgörən dövlət başçımız, Ali Baş Komandan, Prezident  İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında həyasızlaşan, heç bir nüfuz sahibi olmayan Nikol Paşinyanı da layiqincə susdurdu!