Prezident cənab İlham Əliyevin müsahibəsi: Liderlik Dərsliyi

Prezident cənab İlham Əliyevin müsahibəsi: Liderlik Dərsliyi
Leyla Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 18 oktyabr 2025-ci ildə "Kazinform" agentliyinə verdiyi müsahibə, biz pedaqoqlar üçün sadəcə siyasi bəyanat deyil, gələcək nəsillərə öyrədilməli olan "Liderlik Və Strateji Tərəfdaşlıq Dərsliyi"dir. Bizim kollektiv bu müsahibəni oxuyarkən, Cənab Prezidentin rəhbərliyi ilə qurulan möhkəm təməllərin və strateji əlaqələrin ölkəmizə bəxş etdiyi qürur duyğusunu ürəkdən hiss etdik. Möhtərəm Prezident vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Bu güc, Cənab Prezidentin qeyd etdiyi kimi, xalqlarımızın tarixi qardaşlığına, dostluğuna, ortaq türk kimliyinə və mənəvi dəyərlərinə əsaslanaraq qurulmuş həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərindən qaynaqlanır.
Müasir Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik kursudur. Prezident cənab İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək, ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edir.
Bu siyasi irsin mənəvi və humanitar qanadı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində təcəssüm olunur. Bizim kollektiv Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi xeyirxah layihələrin qardaş xalqlarla əlaqələrimizə qatdığı istiliyi xüsusi qeyd etməliyik.
Cənab Prezidentin bir daha minnətdarlıqla qeyd etdiyi, işğaldan azad edilmiş Füzuli şəhərində qardaş Qazaxıstan tərəfindən tikilmiş Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi bu mənəvi körpünün ən canlı ifadəsidir. Hazırda orada 100-ə yaxın uşağın təhsil alması, bir təhsil müəssisəsinin direktoru olaraq mənim üçün qürurverici və ümidverici bir hadisədir. Bu, gələcəyimiz olan uşaqların taleyinə verilən böyük dəyərin göstəricisidir.
Cənab İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev arasındakı fəal və konstruktiv dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsində əsas amildir. Cənab Prezidentin son üç ildə qardaş ölkəyə yeddinci səfərini reallaşdırması, Prezident Tokayevin isə Azərbaycana altı dəfə səfər etməsi, münasibətlərin misilsiz intensivliyini təsdiqləyir.
Cənab Prezidentin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı (TDT) qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rol oynayır. Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün keçirilməsi, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına töhfə verir. Biz məktəb kollektivi olaraq, gələcək illərdə həyata keçiriləcək layihələri də böyük maraqla izləyirik. Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı fiber-optik kommunikasiya xətlərinin 2026-cı ilin sonuna tamamlanması rəqəmsal gələcəyimiz üçün bir inqilabdır.
Lakin Prezident cənab İlham Əliyevin müsahibədə xüsusi diqqət yetirdiyi bir məqam, hamımızın ortaq məsuliyyətini önə çəkir: Xəzər dənizinin dayazlaşması. Cənab Prezident bu ekoloji və iqtisadi təhlükənin yalnız iqlim dəyişikliyi ilə bağlı olmadığını qeyd edərək , bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq və fəal elmi informasiya mübadiləsi aparmağın vacibliyini vurğulayıb. Bu, bizim təhsil proqramlarımızda ekoloji məsuliyyəti bir daha ön plana çıxarır.
Prezident cənab İlham Əliyevin bu müsahibəsi, Azərbaycan-Qazaxıstan əlaqələrinin çoxşaxəli və hərtərəfli təhlilini təqdim edir. Möhtərəm Prezidentin uzaqgörən siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar fəaliyyəti sayəsində bu əlaqələr daha da dərinləşir, regional sabitliyə və Türk dünyasının möhkəm birliyinə xidmət edir. Biz 317 nömrəli məktəbin kollektivi olaraq, Cənab Prezidentə bu qətiyyətli liderliyinə görə dərin minnətdarlığımızı bildirir və bu uğurları gələcək nəsillərə böyük sevgi ilə ötürəcəyimizə söz veririk!