Ölkəmizin qlobal neft-qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir

Ölkəmizin qlobal neft-qaz layihələri Şimali Makedoniyanın maraq dairəsindədir
Südabə Abdullayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçılarının görüşü keçirilib, aktual müzakirələr aparılıb və prezidentlər mətbuata bəyanatlar veriblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”.

Azərbaycan  Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Azərbaycan qısa müstəqillik tarixində həm İslam coğrafiyasında, həm də Avropa məkanında yerləşən ölkələrlə səmərəli əməkdaşlıq qurmağa müvəffəq olub. Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi respublikamızın xarici siyasət kursunun prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.

Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Azərbaycan həmçinin özünün uğurlu nəqliyyat-logistika layihələri vasitəsilə Şimali Makedoniyanın Avropa və Asiya arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinə dəstək verə bilər. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi bu baxımdan yeni əməkdaşlıq formatları üçün geniş imkanlar açır. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Məlumdur ki,  Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət beynəlxalq müstəvidə ölkəmizin nüfuzunu artırmaqla yanaşı, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi deyil, humanitar aspekti də əhəmiyyət daşıyır.