Ölkəmizin Pakistanla münasibətləri yeni məcraya istiqamətlənir
Ölkəmiz dünya dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri qurmaqda və mövcud olan münasibətləri inkişaf etdirməkdə davam edir. Ölkə başçısı Prezident cənab İlham Əliyevin xarici ölkələrə mütəmadi səfərləri və digər dövlətlərin rəsmilərinin Azərbaycanda qonaq qismində qarşılanması bu istiqamətdə aparılan fəaliyyətin göstəricisidir. Cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş Naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizdə yüksək səviyyədə qarşılanması və hər iki tərəf üçün əhəmiyyət kəsb edən mövzuların birgə müzakirəsinin aparılması həmin silsilənin davamıdır. Pakistanla Azərbaycan arasında mədəniyyət və din nöqteyi-nəzərindən yaxınlığın olması siyasi, iqtisadi əlaqələrin inkişafı üçün münbit zəmin hazırlayır. Azərbaycanın ərazi bütövlüyünü aktiv şəkildə dəstəkləməsi Pakistanı ölkəmiz üçün daha önəmli müttəfiq kimi dəyərli edir.
Dövlətimiz işğalda olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarını həyata keçirəndə xalqımızın haqq davasını müdafiə etməsi Pakistanla Azərbaycanın münasibətlərini yeni məcraya yönəltdi. Çətin zamanlar dostlar və müttəfiqlər arasından səmimi olanları seçmək üçün əlverişli fürsətdir və Pakistanın həmin dövr üçün göstərdiyi həssaslığı xalqımız və dövlətimiz yüksək dəyərləndirir. Prezident İlham Əliyevin Pakistanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət etməsi və səfər çərçivəsində baş tutan görüşlərdə hər iki ölkə üçün vacib istiqamətlərdə qərarların qəbul olunması bu dəyərin nümunəsidir.
Regional təhlükəsizlik məsələsinin xüsusi diqqətdə saxlanılması ikitərəfli görüşün ən önəmli cəhətini təşkil etdi. Dünyanın sürətlə dəyişən maraqlar və buna bağlı yaranan münaqişə ocaqları ilə müşahidə olunan gedişatı təhlüksizliyin təmin olunması yolunda görülən işlərin inkişafını labüd və vacib edir. Bu baxımdan müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında razılaşmaların əldə olunması və gələcək fəaliyyətin dəqiq proqnozlaşdırılmasının aparılması sistemli fəaliyyətin həyata keçirilməsi üçün faydalı olacaqdır. 30 illik işğal dövrünü hərbi güc sayəsində dəf edən Azərbaycan ərazi bütövlüyü və davamlı inkişafın təmin olunması üçün müdafiə qüdrətinin zəruriliyini dərindən anlayır.
Hərbi sənayenin lazımi inkişafı üçün isə iqtisadi sahədə uğurların əldə olunması əvəzsizdir. Pakistanla inkişafı nəzərdə tutulan fəaliyyət istiqamətlərindən biri də ticarət dövriyyəsinin həcminin artırılmasıdır ki, bu da öz növbəsində nəqliyyatın inkişafını labüd edir. İstər ənənəvi istərsə də bərpaolunan enerji sahəsində mövcud olan potensial yaxın gələcək üçün müsbət perspektivlər vəd edir. İnkişaf məhfumunun əsasında təhsilin dayandığını nəzərə alsaq bu yöndə olan əlaqələrin irəliləməsini də diqqətdə saxlamağa dəyər. Yaxın dövr ərzində ölkələrimiz arasında təhsillə bağlı yeniliklərin olacağı da istisna deyil. Hazırda Azərbaycanda 750 pakistanlı tələbənin təhsil aldığı məlumdur. Ötən il bu rəqəmin 100 olduğunu nəzərə alsaq sürətli irəliləməni müşahidə etmək olar.
Azərbaycanla Pakistan arasında çoxşaxəli əlaqələrin inkişafı hər iki ölkənin rifahı və iradəsinin qəbul olunması üçün önəm kəsb edir. Etibarlı müttəfiqliyin mövcud problemlərin həllinə müsbət töhfə verəcəyi şübhəsizdir. Torpaqlarını azad etmiş Azərbaycanın Ermənistanla yekun sülh sazişinin imzalanmasına dair aparılan danışıqlarda arzuolunan nəticəni əldə etməsi üçün güclü iqtisadiyyata malik, qüdrətli hərbi sənayesi olan, siyasi sabit bir dövlət kimi təmsil olunması və eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş, irihəcmli layihələrin təşəbbüskarı və icraçısı kimi qəbul olunması böyük rola malikdir. Azərbaycanın dəyərlərinə hörmətlə yanaşan, dostluq və müttəfiqlik əlaqələrinin inkişafına önəm verən Pakistanla münasibətlərin növbəti dövrdə daha üstün səviyyədə davam etdirilməsi də bu məqsədlərin reallaşması üçün vacibdir.