Qurbanəli İslamov
Vətən müharibəsi qazisi
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi
Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsində yüksək inkişaf dinamikasına malikdir. Prezident cənab
İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində “Kazinform” İnformasiya Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, “bu gün ölkələrimiz arasında fəal siyasi dialoq bütün sahələrdə əlaqələrin inkişafına yol açır.” Bu dialoq təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, həm də regional sabitliyin möhkəmləndirilməsinə və iqtisadi inteqrasiyanın sürətləndirilməsinə mühüm töhfələr verir. Dövlət başçılarının qarşılıqlı hörmət və etimada əsaslanan siyasəti xalqlarımız arasında dostluq və qardaşlıq bağlarının dərinləşməsinə xidmət edir.
İqtisadi əməkdaşlıq da Prezident cənab İlham Əliyevin müsahibəsində xüsusi vurğulanan əsas istiqamətlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi: “İqtisadi əlaqələr dinamik şəkildə genişlənir, o cümlədən nəqliyyat-logistika və enerji sahələrində ortaq təşəbbüslər əsasında mühüm layihələr icra olunur.” Bu istiqamətdə həyata keçirilən birgə layihələr yalnız iqtisadi səmərə yaratmır, həm də regional tranzit imkanlarının artırılmasına və Orta Dəhlizin inkişafına xidmət edir. Əmtəə dövriyyəsinin artması və enerji sahəsində birgə təşəbbüslərin uğurlu icrası Azərbaycan–Qazaxıstan əlaqələrinin strateji mahiyyətini daha da möhkəmləndirir.
Azərbaycan və Qazaxıstan arasında ekoloji əməkdaşlıq, Xəzər dənizinin dayazlaşması, su səviyyəsinin azalması və ekosistemin dayanıqlılığı üçün yaranan risklər fonunda sıx koordinasiya və məlumat mübadiləsi ilə həyata keçirilir. Bu əməkdaşlıq, Xəzər dənizinin mühafizəsi və ekosistemin qorunması məqsədilə regional və beynəlxalq platformalarda birgə təşəbbüslərin irəli sürülməsini təmin edir. Azərbaycan və Qazaxıstan, Xəzər dənizinin dayanıqlı istifadəsi və ekosistemin qorunması üçün ortaq məsuliyyət modelini möhkəmləndirir və bu sahədə birgə fəaliyyətlər həyata keçirirlər. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir; mədəni əlaqələrin inkişafı qardaşlıq bağlarının möhkəmlənməsində mühüm rol oynayır.
Mahiyyət etibarilə, müsahibədə qeyd olunduğu kimi, Azərbaycan–Qazaxıstan əməkdaşlığı siyasi, iqtisadi, mədəni-humanitar və ekoloji sahələrdə çoxşaxəli xarakter daşıyır. Qarşılıqlı etimad, strateji tərəfdaşlıq və ortaq maraqlar prinsiplərinə əsaslanan bu münasibətlər iki qardaş ölkənin davamlı inkişafının, xalqlar arasında dostluğun və regional sabitliyin möhkəm təməlini təşkil edir. Prezident cənab İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan dövlət səfəri isə bu əlaqələrin yeni mərhələyə yüksəlməsi və strateji əməkdaşlığın dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.