Qardaşlıq və Etimad Körpüsü: Azərbaycan-Qazaxıstan Əlaqələrinin Yeni Əsri

Qardaşlıq və Etimad Körpüsü: Azərbaycan-Qazaxıstan Əlaqələrinin Yeni Əsri
Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı  rayonu, Hövsan Bələdiyyəsinin sədri
18 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Kazinform" agentliyinə verdiyi eksklüziv müsahibə, iki qardaş ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də mənəvi və strateji cəhətdən yeni bir səviyyəyə yüksəlməyə hazır olduğunu bütün dünyaya bəyan etdi. Bu, regional sabitliyə və Türk dünyasının birliyinə xidmət edən tarixi bir mesajdır.
Möhtərəm Prezident cənab İlham Əliyev vurğulayıb: “Xalqlarımız arasında uzun illər ərzində tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək ənənəsi mövcud olmuş, ortaq türk kimliyi, mədəni oxşarlıqlar və mənəvi dəyərlər zəminində biz əsl strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirmişik”. Bu müsahibə, sadəcə siyasi bəyanat olmaqla kifayətlənmir; o, Azərbaycan və Qazaxıstan arasında keçmişdən bu günə qədər qurulmuş etibarlı tərəfdaşlıq və bu münasibətlərin yeni strateji səviyyəyə qalxmasını əks etdirir.
Dövlətlərarası əlaqələrin müxtəlif istiqamətlərdə tam şəkildə dərinləşdirilməsinə təkan verən və ən yüksək səviyyədə qurulmuş konstruktiv və fəal dialoq, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində əsas amillərdən biridir. Cənab Prezidentin sözləri ilə desək: “Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur.”. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır.
Bu strateji münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun uğurlu davamıdır. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən bütün irimiqyaslı layihələr və beynəlxalq əlaqələrin dərinləşdirilməsi məhz bu təməlin üzərində yüksəlir.
Ölkəmizin sosial-humanitar inkişafında və beynəlxalq müstəvidə humanist dəyərlərin təbliğində isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti misilsizdir. Heydər Əliyev Fondunun prezidenti kimi də fəaliyyət göstərən Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən xeyirxah layihələr qardaş xalqlarla mədəni əlaqələrin möhkəmlənməsinə xüsusi töhfələr verir.
Bu humanitar əməkdaşlığın ən parlaq nümunəsi kimi, Cənab Prezidentin minnətdarlıqla qeyd etdiyi, qardaş Qazaxıstanın işğaldan azad edilmiş Füzuli şəhərində tikdiyi Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi xüsusi qeyd edilməlidir. Bu mərkəz hal-hazırda 100-ə yaxın uşağın təhsil aldığı, xalqlarımızın ortaq gələcəyə verdiyi dəyərin simvoludur. Mahiyyət etibarilə, Azərbaycan-Qazaxıstan əlaqələri bu gün təkcə iqtisadi və diplomatik tərəfdaşlıq deyil, həm də mədəni, elmi və ekoloji birliyə əsaslanan çoxşaxəli inteqrasiya modelidir. Bu model Türk dünyasının gələcək inkişaf xəritəsində xüsusi yer tutur.
Müsahibədə xüsusi qeyd olunur ki, ortaq tarixi, mədəni və strateji maraqlara malik olan Azərbaycan və Qazaxıstan, Xəzəryanı dövlətlər olaraq, Avropa ilə Asiya arasında əlaqələndirici rolunu daha da gücləndirirlər. Son dövrlərdə Bakı ilə Astana arasında iqtisadi əlaqələr nəzərəçarpacaq şəkildə möhkəmlənib. 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 470 milyon ABŞ dollarına yüksəlib. Bu müsbət dinamika, xüsusilə Orta Dəhlizin potensialından səmərəli istifadə ilə bağlıdır.
Mədəniyyət əlaqələrinə toxunan cənab Prezident bildirib ki: “Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.” Bu sahədəki əməkdaşlıq, 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi ilə özünü göstərir.
Prezident cənab İlham Əliyevin bu müsahibəsi, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı istiqamətindəki qətiyyətli iradəmizi təsdiqləyir. Möhtərəm Prezidentin uzaqgörən siyasəti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanist dəstəyi ilə qurulan bu əlaqələr, Türk dünyasının gələcəyini müəyyənləşdirən əsas strateji sütunlardan biridir. Biz bələdiyyə olaraq, bu əməkdaşlığın hər bir azərbaycanlının həyatına müsbət təsir edəcəyinə əminik.