Ölkəmiz Heydər Əliyevin sayəsində dünyada nüfuzlu bir dövlətə çevrildi
Vidadi Bayramov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
13 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 24 iyun 1993-cü ildir. Bu tarixdə Ali Sovetin sədri Heydər Əliyev Prezident səlahiyyətlərinin icra etməyə başlamışdır. 1993-cü ilin oktyabrın 3-də isə xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. Sovet dövründə digər sosialist respublikalarında olduğu kimi Azərbaycanda da parlamentin qəbul etdiyi qanun və qərarlar Kommunist Partiyasının siyasi, iqtisadi və ideoloji məqsədlərini həyata keçirməyə xidmət edirdi. XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü iş Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başladı.
Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də onun Azərbaycana yeni dövlət idarəçiliyi fəlsəfəsi, mədəniyyəti gətirməsidir. Ulu Öndər dərin nəzəri biliyi, zəkası, böyük təşkilatçılıq məharəti və səmərəli əməli fəaliyyəti ilə dövlət idarəçilik elmini çox zənginləşdirdi. Onun bu sahədəki çoxcəhətli zəngin təcrübəsi böyük bir sərvətdir. Qüdrətli tarixi şəxsiyyətin dövlət idarəçiliyi sahəsində yaratdığı bu zəngin xəzinə, Azərbaycan dövlətçiliyi tarixində əbədi olaraq qalacaq. Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim, həm də zəngindir. Ona görə də bu dövləti qurarkən, müstəqilliyimizi yenidən bərpa edərkən, biz dövlətçilik ənənələrimizə söykənmiş, ondan səmərəli istifadə etmişik.Bu ənənələr məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında daha da təkmilləşdirildi.
Ulu öndər dövlət idarəetmə sahəsi üçün müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasını vacib və zəruri məsələlərdən biri hesab edirdi. Ümumi idarəçilik nəzəriyyəsinin Azərbaycanda dövlət quruculuğu və dövlət idarəçiliyinin tarixi və müasir təcrübəsi ilə, eləcə də dünya təcrübəsi ilə birləşməsi parametrlərinə əsasən tam əminliklə deyə bilərəm ki, Azərbaycanda müxtəlif səviyyələrdə dövlət idarəçiliyinin əsas prinsipləri yüksək səviyyədə formalaşdırılıb
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl məktəbi idi.