Ağdamın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır

Ağdamın dirçəlişi Azərbaycanın Zəfər tarixinin davamıdır

Fatimə Abbasova

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Son illərdə Ağdam dünyaya Qarabağın dirçəliş simvolu kimi təqdim olunur. Azərbaycan Prezidenti ilə yanaşı, Qırğızıstan və Özbəkistan prezidentlərinin, eləcə də ECO Zirvə Görüşü iştirakçılarının Ağdama səfəri bunun bariz nümunəsidir. Şahbulaq qalası, İmarət Kompleksi, yeni tikilən yollar və parklar artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Artıq Ağdamın Kəngərli və Sarıcalı kəndlərinə sakinlərin köçürülməsi başlayıb. İnsanlar öz evlərinə qayıdır, yeni həyatlarını qurur, torpaqlar yenidən sözün əsl mənasında nəfəs alır. 

"Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi də bu torpağın azadlığı uğrunda döyüşən igidlərin əziz xatirəsinə verilən yüksək qiymətdir.

Bu gün Ağdam yenidən doğulur. Talan edilmiş şəhər artıq yeni simaya sahibdir – müasir, inkişaf etmiş, abad, yaşayış üçün ideal bir məkana çevrilir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Ağdam şəhərini bərpa edəcəyik… Heç kimdə bu haqda şübhə olmasın.” Bu sözlər artıq reallığa çevrilib. Ağdamın dirçəlişi təkcə şəhərin deyil, bütün Azərbaycanın Zəfər tarixinin davamıdır.

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. 10 noyabr 2020-ci il bəyanatı nəticəsində Ermənistan qoşunları Ağdamdan çıxmağa məcbur edildi. Bu, həm hərbi, həm diplomatik, həm də siyasi gücün sintezinin rəmzi idi. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Ağdama daxil oldu – və bununla yeni dövr başladı. Bu gün Ağdam azaddır, hər gün daha da abaddır.