20 noyabr-Ağdam şəhər günüdür!
Yasin Quliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin direktoru
Ağdam sözünün etimologiyasını araşdıran alimlərimizin fikrinə görə,bu ad qədim türk xalqlarının dilində “ kiçik qala” mənasını verir. Burada məskunlaşan türk tayfaları müdafiə məqsədilə kiçik qalalar inşa etmişdilər. Bəzi araşdırmaçılar isə Ağdam sözünün “ işıqlı ev” mənasında işləndiyini bildirmişlər. Bunun da səbəbi Qarabağ xanı Pənahəli xanın burada ağ daşlardan inşa etdirdiyi saray olmuşdur.Ağdam qədim yaşayış məskənlərimizdən biridir. Burada Eneolit dövründən başlayaraq insanlar yaşayıblar. Ən qədim şəhər mərkəzlərimizdən olan Üzərliktəpə Ağdamda yerləşir. Bundan əlavə Erkən Orta Əsrlərə aid Govurqala,xanlıqlar dövrünə aid Şahbulağı qalası da burada yerləşir.
Ağdam rayonu 1930-cu ildə təşkil edilmişdir.Ərazisi 1000 kvadrat kilometrdən çox olmuşdur.Əhalisi isə 153000 nəfərdən çox olmuşdur. Rayonda sənaye müəssisələri, xəstəxana, kitabxanalar, muzeylər,istirahət mərkəzləri, Qarabağın ən böyük musiqi məktəbi yerləşirdi. Lakin 1993-cü ildə iyulun 23-də erməni işğalı bütün bu obyektlərin dağıdılması ilə nəticələndi. İşğal nəticəsində rayonun təxminən 73% ərazisi işğal edildi. Ağdamda vandalizm hərəkətləri o qədər dəhşətli idi ki, hətta yerli və xarici jurnalistlər buranı “ Qafqazın Xirosiması” adlandırmışdılar. Ağdam rayonu Birinci Qarabağ müharibəsində ən çox şəhid vermiş rayondur. 6000 nəfərdən çox şəhid vermiş bu qəhrəman rayonun 16 nəfər Milli Qəhrəmanı var.
1993-cü ildə BMT işğalçı Ermənistanın Ağdamı işğal etməsilə bağlı 853 saylı qətnamə qəbul etmişdir. 2020-ci il 27 sentyabrda başlanan 44 günlük Şanlı Vətən müharibəsi rəşadətli ordumuzun qələbəsi ilə bitdi. 2020-ci il 20 noyabrda ordumuz Ağdama daxil oldu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 23 noyabrda Ağdamda üçrəngli bayrağımızı dalğalandırdı. Prezident çıxışında bildirmişdir: “Ağdam erməni işğalının şahididir.Amma biz Ağdamı,bütün kəndləri bərpa edəcəyik”.
İlk səfərində Ağdamda işğaldan azad edilən ərazilərdə salamat qalan tək bina olan Cümə məscidini ziyarət edən cənab Prezident məscidin donuz, mal saxlanılan yer olmasından dəhşətə gəlmiş və qısa vaxtda məscidin bərpası ilə bağlı göstəriş vermişdir. Heydər Əliyev Fondu məscidi əsaslı təmir etmiş və istifadəyə vermişdir.
Hər səfərində yeni-yeni sosial layihələrin həm təməlini qoyan, həmdə açılışını edən cənab Prezident işğal bitəndən sonra 14 dəfə Ağdama səfər etmişdir. Ağdamda Sənaye Parkı, məktəb, xəstəxana, bağça, mehmanxana, yaşayış binaları, Ağdam-1 və Ağdam-2 yarımstansiyaları inşa edilmiş, universitet binasının, İmarət stadionunun təməli qoyulmuşdur.
Bərdə-Ağdam dəmiryolu istifadəyə verilmişdir. Qırğız Respublikasının dəstəyilə Xıdırlı kəndi və məktəbi inşa edilmişdir.
Bugün Ağdamda geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Əlbəttə, görülən işlər genişmiqyaslıdır və planlı şəkildə cənab Prezidentin nəzarəti altında uğurla davam etdirilir. İnanırıq ki, görülən işlər nəticəsində Ağdam itirdiyi əvvəlki əzəmətini geri qaytaracaq və nəinki azad Qarabağın, ümumilikdə Azərbaycanın ən dilbər guşələrindən biri olacaqdır!