Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir  

Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir   

Zəhra Məmmədzadə

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Azərbaycan Kooperasiya Universtetinin tələbəsi

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Azərbaycan və Özbəkistan haqqında bir çox məqamlara aydın açıqlama verilib. Belə ki,  iki ölkənin yaxın qardaş ölkə olduğu vurğulanmışdır. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Bu münasibətlərin ən yüksək səviyyəyə çatmasında Prezident Şavkat Mirziyoyev ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında yaranan şəxsi etimad və dostluq münasibətləri həlledici rol oynamışdır.

Münasibətlərin inkişafında son illərin xronoloji dinamikası diqqətəlayiqdir. 2023-cü ilin əvvəli – ali münasibətlərin başlanğıcı olmuşdur. Mərkəzi Asiya dövlətlərinin başçıları ilə Azərbaycan Prezidenti arasında son üç ildə baş tutan sıx qarşılıqlı səfərlərin (təxminən 30 və 13 səfər) intensivliyi bu münasibətlərin prioritetini göstərir.  2023-cü il (Avqust) – Strateji Səfərlər və Ali Şura: Prezident cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri baş tutur. Bu səfərin ən mühüm institusional nəticəsi Ali Dövlətlərarası Şuranın təsis edilməsi olur. Şura ikitərəfli əlaqələrin strateji inkişafını müəyyənləşdirməyə xidmət edir. 2023-cü il (Sentyabr) – Məşvərət Görüşləri Dairəsi: Azərbaycan Prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirak edir (Düşənbə-2023). Bu, Azərbaycanın bu regional formatla əlaqələrinin rəsmiləşməsinin başlanğıcı olur. 2024-cü il (İyul) – Müttəfiqlik Əlaqələrinin Rəsmiləşməsi: Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə və onun icrası üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” imzalanır. Bu sənədlər əməkdaşlığın gələcək inkişafı üçün hüquqi-strateji çərçivə yaradır. Elə həmin il Daşkənddə Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilir.

Prezident cənab İlham Əliyev müsahibədə münasibətlərin əsasını formalaşdıran mühüm bir tezisi irəli sürür: “Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır.” Bu fikir, münasibətlərin kortəbii yox, dərin köklərə söykənən tarixi və coğrafi zərurətdən irəli gəldiyini göstərir. Bu vahid məkanın coğrafi sərhədi isə Xəzər dənizi ilə müəyyən edilir. Lakin Prezidentin vurğuladığı kimi, Xəzər dənizi fiziki ayırıcı deyil, mühüm birləşdirici amildir. Bu, təkcə coğrafi anlayış yox, xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələri birləşdirən amillər bunlarla məhdudlaşmır: tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr xalqlararası yaxınlığın əsas sütunlarıdır.

Bir gənc fəal kimi xüsusi qeyd etmək istərdim ki, bizim doğma evimiz olan Türk Dövlətləri Təşkilatının böyük potensialı var. İki qardaş, dost xalqlar olan bizlər, həm öz regionlarımızın, həm də bütün dünya xalqlarının gələcəyi, rifahı və inkişafı üçün çalışırıq.