20 Noyabr – Ağdam Şəhəri Günü: Zəfərin, Dirçəlişin və Yenidənqurmanın Tarixi

20 Noyabr – Ağdam Şəhəri Günü: Zəfərin, Dirçəlişin və Yenidənqurmanın Tarixi

Nigar Qasımova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin müəllimi

Ağdam – dağıntılar içindən doğan şəhər. Bu günlərdə Azərbaycan xalqı, xüsusən də Qarabağ sakinləri üçün mühüm rəmzi məna daşıyan bir tarix – 20 Noyabr Ağdam Şəhəri Günü yenidən qürurla qeyd edilir. Bu gün işğaldan azad edilən Ağdamın taleyinə, tarixinə, 30 illik vəhşiliyin izlərinə və bu gün baş verən möhtəşəm quruculuq prosesinə işıq salır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu günün mənasını daha da aydın izah edir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Bu çağırış təkcə siyasi mesaj deyil, həm də bir vəd, bir proqram və bir xalqın taliyi üçün yeni mərhələdir.

Ağdamın Tarixi: Qafqazın Qədim Mədəniyyət Mərkəzi

Ağdam adı etimologiyasından tutmuş tarixi-coğrafi mövqeyinə qədər özündə dərin mənalar daşıyan bir məkandır. Tarixi qaynaqlar Ağdamın Qafqazın ən qədim yaşayış məskənlərindən biri olduğunu göstərir. Burada aparılan elmi-arxeoloji tədqiqatlar, qədim yaşayış yerlərinin, qədim abidələrin, xüsusən də Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məşhur İmarət Kompleksinin əhəmiyyətini bir daha təsdiq edir. Sovet dövründə də Ağdam Qarabağın ən böyük sənaye mərkəzlərindən biri idi. Şəhər yalnız iqtisadi deyil, həm də mədəni həyatı ilə seçilirdi: muğam sənətinin inkişafında bu bölgənin rolu danılmazdır. Buna görə də bu gün burada Ağdam Muğam Mərkəzinin tikintisi sadəcə bir bina deyil, milli-mədəni kimliyin bərpasıdır.

 İşğalın Qara Gecəsi – “Qafqazın Xirosiması”

1993-cü ildə Ağdamın işğalı yüz minlərlə insanın taleyini dəyişdi. Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi işğal təkcə hərbi əməliyyat deyildi – bu, tam miqyaslı mədəni irs soyqırımı idi. Şəhər tamamilə dağıdıldı, yaşayış məntəqələri yandırıldı, qəbirstanlıqlar, tarixi-mədəni abidələr yerlə-yeksan edildi.Bu səbəbdən Ağdam dünya mediasında haqlı olaraq “Qafqazın Xirosiması” adlandırıldı. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ermənistan qoşunlarının dərhal işğal edilmiş ərazilərdən çıxarılmasını tələb etsə də, işğalçı tərəf bu tələblərə üç onillik boyu məhəl qoymadı.

Zəfərə Aparan Yol və Ağdamın Azadlığı

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. 10 noyabr 2020-ci il bəyanatı nəticəsində Ermənistan qoşunları Ağdamdan çıxmağa məcbur edildi. Bu, həm hərbi, həm diplomatik, həm də siyasi gücün sintezinin rəmzi idi. 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Ağdama daxil oldu – və bununla yeni dövr başladı.

Ağdamın Yenidən Doğuluşu – Dövlət Proqramları, Tikinti və İnfrastruktur

Azadlıqdan sonra Ağdamda görünməmiş miqyasda quruculuq işləri aparılmağa başladı. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş Plan təsdiqləndi. Ağdam bu gün artıq “kağız üzərində plan” deyil – hər gün dəyişən, formalaşan, tamamilə yeni şəhərdir.

Son illərdə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdama onlarla dəfə səfər edib, hər dəfə də yeni obyektlərin təməlini qoyub və açılışını edib.

Ağdamda həyata keçirilən başlıca layihələr:

          Ağdam Sənaye Parkının yaradılması və artıq fəaliyyətə başlayan müəssisələr;

          Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi və açılışı;

          Bərdə–Ağdam, Ağdam–Füzuli, Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yollarının inşası;

          Onlarla kəndin — Sarıcalı, Kəngərli, Eyvazxanbəyli, Tağıbəyli, Nəmirli, Şotlanlı, Qiyaslı, Xıdırlı və s. – mərhələlərlə bərpası;

          Ağdam şəhərində çoxmərtəbəli yaşayış kompleksləri və fərdi evlər;

          Müasir məktəblər, bağçalar, regional idarəetmə mərkəzləri;

          “Aghdam City Hotel”, “Hilton Garden Inn” və yeni otellər;

          Zəfər Muzeyi, İşğal Muzeyi, Muğam Mərkəzi, konfrans mərkəzləri;

          İmarət Kompleksində bərpa işləri və Qarabağ xanlarının türbələrinin restavrasiyası.

Bu layihələr təkcə tikinti deyil, Ağdamın artıq yaşayış, sənaye və mədəniyyət mərkəzinə çevrilməsinin göstəricisidir.