Yunis Əsgərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndə müavini
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərlə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biridir.
Xarici siyasət və diplomatiya sahəsində əlaqələrin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət!” və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri – bizim kədərimiz, sevinci – bizim sevincimizdir!” tarixi kəlamları çərçivəsində inkişaf edir.
Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri hər zaman həm xalqlarımız, həm də bölgə üçün mühüm önəm daşıyır. Belə bir əməkdaşlıq təkcə ikitərəfli formatla kifayətlənmir. Bu, eyni zamanda bölgənin təhlükəsizliyini şərtləndirir. Belə ki, Türkiyə və Azərbaycan birgə səylərlə bölgənin gələcək inkişafını, təhlükəsizliyini təmin edir, qardaş xalqların rahat həyatını gerçəkləşdirir. Ümumiyyətlə, iki dövlət arasında mövcud əməkdaşlığın çoxşaxəliliyi dünya miqyasında müttəfiqlik, qardaşlıq əlaqələrinin bənzəri olmadığını deməyə əsas verir.
İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs isə bundan yalnız faydalanır. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinin indiki vəziyyəti bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir maneə bu dostluğun, qardaşlığın qarşısını ala, sarsıda bilməz.