İradə Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 79 nömrəli tam orta məktəbin müəllimi
Müasir dövrdə Azərbaycan baxmayaraq ki, erməni təxribatı ilə mübarizə aparır, yenə çalışırıq ki,
regionda əmin-amanlıq olsun. Dünyanın bir çox dövlətləri ilə Azərbaycan daim əməkdaşlıq edir. Azərbaycan Respublikası faydalı qazıntılarla zəngin olan və əlverişli geosiyasi mövqeyə malik ölkədir. Həmçinin ölkəmizin humanist və yüksək siyasi savada malik rəhbərinin olması Azərbaycan Respublikasının digər ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqələr qurmasına imkan verir. Bunlardan Bolqarıstanla ikitərəfli əlaqəni qeyd edə bilərik. Belə ki, 30 sentyabr 2022-ci il tarixində Bolqarıstanın paytaxtı Sofyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə rəsmi görüşü olub. Bu görüş ölkələrin diplomatik münasibətlərinin qurulmasının 30 illiyinə təsadüf edib. Bolqarıstanın Azərbaycanla dostluq və qarşılıqlı hörmət münasibətlərinə malik olması bu iki tərəfli əlaqənin genişlənməsinə imkan verir.
Azərbaycan neft və təbii qaz ixrac edən ölkə kimi artıq uzun illərdir ki, çıxış edərək Avropa ölkələrini yanacaq xammalı ilə təmin edir. Azərbaycanda təbii qaz ehtiyatı 2,6 trilyon m3-dir. Azərbaycan təbii qaz hasilatını artıraraq ixracını iki dəfəyə qaldırmışdır. Azərbaycanın ixrac etdiyi təbii qazı cənab İlham Əliyevin açılışında iştirak etdiyi Yunanıstan-Bolqarıstan qaz İnterkonnektoru ilə digər Avropa ölkələrinə nəql ediləcək. Beləliklə, Avropanın enerji xəritəsində yeni dəyişikliklər ediləcək. Hazırda ölkələrarası eneri təhlükəsizliyinin təminatına ciddi diqqət yetirilir.
SOCAR-ın ofisinin Bolqarıstanda açılması gələcəkdə xam neftin nəql edilməsinə, enerji ixracına səbəb olacaq. Bolqarıstanla Azərbaycan əməkdaşlığı tək eneri deyil, eyni zamanda digər təsərrüfat sahələrinə də təsir edəcək. Bura innovasiya, yüksək texnologiya, ticarət, sərmayə qoyuluşu aiddir. İşğaldan azad olmuş ərazimizdə investisiya yatırmaqla yeni təsərrüfat sahələri yaradılacaq, yerli əhali işlə təmin olunacaq. Bolqarıstanla da bu ərazilərdə əməkdaşlıq edilməsi üçün imkanlar var.
Bütün nəqliyyat növlərinin: avtomobil yolu, dəmir yolu, beynəlxalq hava yolları və beynəlxalq dəniz ticarət limanının inkişafı Azərbaycanı tranzit ölkə olaraq çıxış etməsinə imkan yaradıb. Bolqarıstanla nəqliyyat sahəsində də əməkdaşlıq ediləcək. Xüsusən “Orta dəhliz”-in həyata keçirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin fəaliyyəti ölkələrimizi bir-birinə daha sıx bağlayacaq-deyə Cənab İlham Əliyev görüşündə fikrini bildirib. Ölkəmizdə tranzit yüklərin həcmi cari ildən 50% artıb, bu da ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edir.
Ali Baş Komandan İlham Əliyev ölkədə, regionda təhlükəsizliyi təmin etməklə yanaşı siyasi-iqtisadi islahatlar həyata keçirməklə yüksək uğurlu inkişafa nail olur.