Məktəblərdə Xocalı faciəsi haqqında: Məqsəd gələcək nəsillərə öz qan yaddaşını öyrətməkdir
Qamət Tağıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktor müavini
“Xocalı-qan yaddaşım” deyəndə təkcə bir şəhərin adı yox, bir millətin ürəyində açılan sağalmaz yara göz önünə gəlir. Xocalı Azərbaycan tarixində ən ağrılı səhifələrədən biridir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə bu şəhərdə baş verənlər xalqımızın yaddaşına qanla yazıldı. Həmin gecə günahsız insanlar – qadınlar,uşaqlar,qocalar amansızca qətlə yetirildi.
Xocalı faciəsi təkcə bir şəhərin işğalı deyil idi. Bu, insanlığa qarşı törədilmiş ağır cinayət idi. Silahsız və müdafiəsiz insanlar doğma yurdlarını tərk etməyə məcbur qaldılar. Qarın, şaxtanın içində meşələrə üz tutan insanlar böyük əzablar yaşadılar. Bir çox ailələr parçalandı,uşaqlar valideynlərini, valideynlər isə övladlarını itirdi.
Xocalı hadisələri Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciə hər bir azərbaycanlının qəlbində dərin iz buraxıb. Hər il fevralın 26-da ölkəmizdə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Şəhidlərin ruhuna dualar oxunur,abidələr önünə güllər düzülür. Bu gün xalqımız bir daha sübut edir ki,tarixini unutmur və unutmayacaq.
Xocalı faciəsi bizə həm də birlik dərsi verdi. Çətin günlərdə xalqımız bir yumruq kimi birləşdi. Bu ağrı bizi sarsıtsa da, eyni zamanda gücləndirdi. Biz anladiq ki, vətən torpağı müqəddəsdir və onu qorumaq hər birimizin borcudur.
Qan yaddaşı ifadəsi təsadüfü deyil. Çünki bu hadisə nəsildən-nəsilə ötürülən bir xatirəyə çevrilib. Valideynlər övladlarına Xocalı haqqında danışır, məktəblərdə bu faciə barədə məlumat verilir. Məqsəd təkcə keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərin tarixini bilməsini təmin etməkdir.
Xocalı faciəsi dünyaya da çatdırılmalıdır. Hər kəs bilməlidir ki, burada günahsız insanlar həyatını itirib. Ədalət gec də olsa öz yerini tapmalıdır. Şəhidlərimizin xatirəsi daim uca tutulmalıdır.
Mənim üçün Xocalı qan yaddaşıdır, çünki o, xalqımızın yaşadığı ən böyük ağrılardan biridir. Bu faciə bizə vətəni sevməyi, tariximizi unutmamağı və birlikdə olmağın vacibliyini öyrədir. Xocalı şəhidləri heç zaman unudulmayacaq. Onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq.