Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir

Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir

Sitarə Qurbanova

YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Suraxanı rayonu, 270 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi

Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin qarşısında dayanan ən mühüm vəzifələrdən biri xarici siyasət sahəsində uğur qazanmaq, yeni yaradılmış dövləti beynəlxalq arenada tanıtdırmaq idi. Bu məqsədlə ilk növbədə Avropanın bir sıra ölkələrinə müstəqilliyin elan olunması barədə rəsmi məlumatlar göndərildi. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda gərgin diplomatik fəaliyyət göstərdi. Bu diplomatik səylər nəticəsində Xalq Cümhuriyyəti beynəlxalq hüququn subyekti kimi qəbul edildi.

Bu tarixi nailiyyət olduqca böyük əhəmiyyət daşıyırdı. Çünki dünya birliyi tərəfindən tanınma faktı, 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı. AXC qısa müddətdə süqut etsə də, xalqın milli kimlik və mənlik şüurunu birdəfəlik özünə qaytarmışdı.

Dövlət idarəçiliyinin mühüm qolu olan ədliyyə sisteminin qurulması da diqqət mərkəzində idi. Cümhuriyyətin yarandığı gün məhz 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edildi. Eyni ilin noyabrında isə Azərbaycan Məhkəmə Palatasının və Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq edilərək hüquqi dövlət quruculuğunun təməli gücləndirildi.

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə qeyd etdiyi kimi: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi". XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan xalqı bu dəfə suverenliyini qoruyub saxlamağı bacardı. Lakin müstəqilliyə gedən yolun əsası daha əvvəl 1990-cı il noyabrın 17-də atılmışdı.

Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı rəsmi dövlət bayrağı olaraq təsdiq edildi və qaldırıldı. Sovet İttifaqının mövcud olduğu bir şəraitdə atılan bu fədakar və riskli addım Heydər Əliyevin xalqına, dövlətinə nə qədər dərindən bağlı olduğunu və bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.