Müsahibədə Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığına da toxunulub

Müsahibədə Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlığına da toxunulub

Dürdanə Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 313 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan qardaşlıq əlaqələri üzərində inkişaf edir. Son illərdə yüksək səviyyəli siyasi dialoq və dövlət başçılarının qarşılıqlı səfərləri bu münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik mərhələsinə yüksəldib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura, 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri əməkdaşlığın institusional və hüquqi əsaslarını daha da möhkəmləndirib.

İqtisadi əlaqələr də sürətlə genişlənir. 2025-ci ildə ticarət dövriyyəsinin 795 milyon dollara çatması, 500 milyon dollar kapitalla Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qarşılıqlı iqtisadi etimadın göstəricisidir. Avtomobil istehsalı, neft-qaz, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələr həyata keçirilir. Füzulidə salınan 100 hektarlıq “Dostluq bağı”, Chevrolet və Isuzu markaları üzrə əməkdaşlıq bu layihələr sırasında xüsusi yer tutur.

Energetika və nəqliyyat sahələri də tərəfdaşlığın mühüm istiqamətlərindəndir. SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq, həmçinin Azərbaycan, Özbəkistan və Qazaxıstanın “Yaşıl Dəhliz Birliyi” çərçivəsində fəaliyyəti bərpaolunan enerjinin istehsalı və ixracı üçün yeni imkanlar yaradır. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi onları Şərq–Qərb nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhlizlə əlaqələndirilməsi tranzit və logistika imkanlarını daha da artıracaq.

 Mədəni-humanitar əlaqələr iki xalqın yaxınlığının əsas dayaqlarındandır. Qarşılıqlı mədəniyyət günləri, “Şuşa Günləri”, elmi və media forumları, QHT əməkdaşlığı, şəhərlərarası tərəfdaşlıq və turizm əlaqələri xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Bakı–Daşkənd, Şuşa–Xivə, Lənkəran–Buxara və Şəki–Kokənd əlaqələri bu istiqamətdə mühüm nümunələrdir. Füzulidə Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına məktəb və Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması təhsil və mədəni əməkdaşlığın rəmzlərindəndir.

Media və vətəndaş cəmiyyəti sahəsində də əməkdaşlıq genişlənir. Azərbaycan və Özbəkistan arasında media və QHT forumları keçirilib. Turizm sahəsində də artım müşahidə olunur. 2025-ci ildə Azərbaycana 62 min Özbəkistan vətəndaşı səfər edib

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri də son illərdə inkişaf edib. Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirak etməyə başlayıb. Bununla da əvvəllər “C5” adlanan əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib.

Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də fəal əməkdaşlıq edir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması Türk dünyasında mədəni inteqrasiyanı gücləndirir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı isə ölkənin regionla siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar əlaqələrə verdiyi strateji əhəmiyyəti göstərir.

Ümumilikdə, Azərbaycan və Özbəkistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad, dostluq və qardaşlıq üzərində qurulub. Bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi və xalqlarımızın rifahına xidmət etməsi əsas məqsədlərdəndir

 

Paylaş