AQEM Çərçivəsində Regional Əməkdaşlıq və Azərbaycanın Qlobal Rolu
Könül Hüseynova
Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşərək beynəlxalq nəqliyyat, iqtisadiyyat və siyasi əməkdaşlıq sahələrində mühüm əhəmiyyət daşıyır. Ölkənin müstəqil xarici siyasəti dövlətlərin bərabərliyi, suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır.
Beynəlxalq münasibətlərdə ikili standartların tətbiqi ədalətli qərarların qəbul edilməsinə və münaqişələrin həllinə mənfi təsir göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüquq normalarının pozulması və ərazi bütövlüyünün təmin olunması ilə bağlı ciddi çətinliklərlə üzləşmişdir. Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycanın əraziləri uzun müddət nəzarətdən kənarda qalmış, çoxsaylı insanlar doğma yurdlarından didərgin düşmüşdür. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin uzun müddət icra olunmaması beynəlxalq hüququn tətbiqində ciddi problemlərin olduğunu göstərmişdir. Eyni zamanda, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirə bilməmişdir.
Ermənistanın işğalçılıq siyasəti və hərbi təxribatları tərəflər arasında qarşıdurmanın daha da dərinləşməsinə səbəb olmuşdur. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsinə çevrilmişdir. Müharibə zamanı Azərbaycan Ordusu işğal altında olan çoxsaylı yaşayış məntəqələrini azad edərək ölkənin hərbi və siyasi gücünü nümayiş etdirmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat hərbi əməliyyatların dayandırılması və regionda yeni siyasi reallıqların formalaşması baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan müharibədən sonrakı dövrdə öz suverenliyini tam bərpa etmək və münaqişəyə birdəfəlik son qoymaq üçün fəaliyyətini qətiyyətlə davam etdirmişdir. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ölkə ərazisində təmin edilmiş və separatizmin mövcudluğuna son qoyulmuşdur. Prezident İlham Əliyev öz çıxışlarında müharibə cinayətlərinə görə məsuliyyətin təmin edilməsini və ədalətin bərqərar olmasını xüsusi vurğulamışdır.
Azərbaycanın tarixi qələbədən sonra Ermənistanla sülh münasibətlərinin qurulmasını dəstəkləməsi ölkənin regionda sabitliyə və təhlükəsizliyə verdiyi önəmi göstərir. Gələcəkdə bu növ münaqişələrin qarşısının alınması üçün beynəlxalq təşkilatların qərarlarının icrasına nəzarət edən daha səmərəli mexanizmlərin yaradılması vacibdir. Regionda davamlı sülhün təmin olunması qarşılıqlı etimadın gücləndirilməsini, dövlətlər arasında dialoqun inkişafını və beynəlxalq hüquqa qeyd-şərtsiz hörməti tələb edir.
Azərbaycan AQEM-ə (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrliyi dövründə təşkilatın institusional imkanlarının genişləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Bu platforma çərçivəsində nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində birgə təşəbbüslər dəstəklənmişdir. Təşkilatın üzvləri arasında əməkdaşlığın genişlənməsi Asiya məkanında iqtisadi inkişafın, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı onun regional və qlobal məsələlərin həllində rolunu getdikcə artırır.