Xəyalə Əzizova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktoru
Azərbaycan xalqının çoxəsrlik tarixində elə məqamlar vardır ki, onlar millətin taleyini kökündən dəyişdirir, xalqın özünüdərk prosesini sürətləndirir və milli dövlətçilik ideyasını sarsılmaz bir inama çevirir. 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycan tarixinə sadəcə bir faciə kimi deyil, həm də milli kimliyin formalaşmasında həlledici rol oynamış dönüş nöqtəsi kimi daxil olmuşdur. Bu tarix, Azərbaycan xalqının müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi olaraq qəbul edilir.
20 Yanvar hadisələrini şərtləndirən amillər 1987-ci ildən — azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı vaxtdan formalaşmağa başlamışdı. Sovet rəhbərliyinin bu ədalətsizliyə qarşı xalqın artan etirazını yatırmaq üçün Bakıya 66 min nəfərdən çox ordu kontingenti yeritməsi və dinc əhaliyə qarşı "Bakı əməliyyatı" adı altında qırğın törətməsi Azərbaycan xalqının milli mənliyini alçaltmaq və müstəqillik iradəsini qırmaq məqsədi güdürdü.
Lakin Sovet imperiyasının bu məkrli niyyəti tamamilə əks nəticə verdi. Ağır texnikadan və müxtəlif tipli silahlardan açılan atəşlər, qadın, qoca və uşaqların kütləvi qətli xalqın daxilindəki milli ləyaqət hissini daha da alovlandırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqın göstərdiyi müqavimət, onun öz azadlığı və ləyaqəti uğrunda hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Milli kimliyin formalaşmasında ən mühüm amillərdən biri olan "şərikli ağrı" və "ortaq qürur" məhz həmin gecə Bakı küçələrində tankların qarşısına əliyalın çıxan insanların fədakarlığı ilə möhkəmləndi.
Qanlı Yanvar hadisələrindən sonra Azərbaycan xalqının Sovet İttifaqı Kommunist Partiyasına və mövcud rejimə olan inamı tamamilə itdi. Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirərkən, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycan dövlətində görməyə başladı. Bu, milli kimliyin formalaşmasında "imperiya təbəəliyi"ndən "müstəqil vətəndaşlıq" şüuruna keçid demək idi.
Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin göstərdiyi siyasi cəsarət xalqın milli qürurunu daha da ucaltdı. Faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələn Heydər Əliyev, bu cinayəti törədən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandıraraq xalqla birgə olduğunu bəyan etdi. Onun "Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə" etdiyi tarixi çıxış informasiya blokadasını yararaq xalqın qəlbində azadlıq ümidini yenidən canlandırdı. Bu hadisə həm də dünya azərbaycanlılarının milli faciə naminə yaşadıqları ölkələrdə təşkilatlanmasına və vahid milli amal ətrafında birləşməsinə səbəb oldu.
Milli kimliyin yaşaması üçün tarixi yaddaşın qorunması vacibdir. Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis səviyyəsində 20 Yanvar hadisələrinə ilk rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarda baş verənlər Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və cinayət kimi sənədləşdirildi. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, "Əbədi məşəl" abidə kompleksinin ucaldılması və "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi milli qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Şəhid ailələri və əlilliyi olan şəxslər üçün geniş sosial müdafiə sisteminin qurulması, təqaüdlərin artırılması və onlara dövlət tərəfindən mənzil, avtomobil təqdim olunması dövlətin öz tarixi qəhrəmanlarına verdiyi yüksək dəyərin göstəricisidir. Hər il yanvarın 20-də saat 12:00-da ölkə boyu elan olunan bir dəqiqəlik sükut xalqın öz şəhidlərinə olan tükənməz ehtiramının ifadəsidir.
20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi birliyin və milli ləyaqət hissinin top-tüfəngə qalib gəlməsi müasir müstəqil Azərbaycanın təməlini qoydu. 1990-cı ilin şəhidləri öz qanları ilə Azərbaycanın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün şəhidlərin ruhu şaddır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi və 2023-cü ildə suverenliyimizin tam bərpa olunması 20 Yanvarda başlanan milli dirçəliş yolunun məntiqi nəticəsidir. İndi bütün ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız, 20 Yanvar şəhidlərinin uğrunda can verdiyi müstəqillik və milli kimlik idealının ən böyük zəfəridir.