Qubadlı: Qəhrəmanlıq Salnaməsi və Yenidən Doğuluş hekayəsi
Aytac Xaliqzadə
Suraxanı Rayon, Əmircan Bələdiyyəsinin üzvü
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında sadəcə bir təqvim günü deyil, Azərbaycan xalqının sarsılmaz iradəsini və şücaətini dünyaya nümayiş etdirən, qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılmış unudulmaz bir tarixdir. 44 günlük Vətən Müharibəsi adı gələndə hər birimizin iliklərinə qədər eyni hisslər – sevinc, qorxu, kədər, həyəcan və təşviş yenidən canlanır. Bu böyük Qələbənin ən mühüm və şərəfli səhifələrindən biri məhz Qubadlının azad edilməsi oldu. İşğaldan qurtulan hər bir torpağımız, hər bir yuvamız bizə əvəzedilməz sevinc bəxş etdi.
Qubadlı rayonu zəngin tarixi, ecazkar təbiəti və strateji mövqeyi ilə seçilən qədim Azərbaycan torpağıdır. Özünəməxsus irsi, mədəniyyəti, milli-mənəvi dəyərləri və adət-ənənələri ilə məşhur olan bu bölgənin torpağı olduqca bərəkətlidir. Rayon ərazisində əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır ki, bu da kənd təsərrüfatının inkişafı üçün böyük potensial yaradır. Qubadlının “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzənlikləri bol məhsullu torpaqları, zəngin bitki örtüyü, biçənəkləri, örüş-otlaqları, bağ və üzümlükləri, eləcə də təbii mineral yataqları ilə tanınır.
Təəssüf ki, işğal dövründə erməni vandalizmi Qubadlıya da ağır zərbə vurdu. Dinc əhaliyə qarşı terror törədən təcavüzkarlar sakinlərin illərlə bəslədiyi gözəl şəhəri və kəndləri yerlə yeksan etdilər. İşğal nəticəsində:
- 94 yaşayış məntəqəsi, 7278 fərdi ev və 64 inzibati bina,
- 148 sosial obyekt, 161 mədəniyyət ocağı, 7 məscid və 16 körpü dağıdıldı.
- 1080 kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, həmçinin dəyirmanlar, su nasos stansiyaları, idarələr və 120 ədəd elektrik yarımstansiyası tamamilə məhv edildi.
Körpədən qocaya qədər hər kəsin gözü yaşlı idi, lakin o ədalət günü gəldi çatdı... Uşaqların gözyaşı silinməli, nənə və babalarımız doğma torpaqlarına qayıtmalı idi. 25 Oktyabr tarixi Vətən Müharibəsinin əhəmiyyətli dönüş nöqtəsinə çevrildi, kədər və qəm-qüssə sevinc gözyaşları ilə əvəz olundu. Müzəffər Ali Baş Komandanın uğurlu strateji planı və Azərbaycan Ordusunun canı bahasına nümayiş etdirdiyi yüksək peşəkarlıq və fədakarlıq sayəsində Qubadlı cəmi bir neçə günə azad edildi. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya sübut etdi.
Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Qubadlıda da genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir. Rayonun infrastrukturunun yenidən qurulması, müasir yolların çəkilməsi və əhalinin doğma yurduna qayıdışı uğurla həyata keçirilir. Əsas məqsədimiz müasir, abad və rahat yaşayış məskənləri yaratmaq, rayonun iqtisadi potensialını bərpa etməkdir. Məktəblərin və sosial obyektlərin inşası gələcəyə olan inamı daha da gücləndirir. Hazırda Mahruzlu kəndində, eləcə də Həkəri və Bərgüşad çaylarının qovuşduğu ərazidə yerləşən Zilanlı kəndində tikinti və abadlıq işləri yekun mərhələdədir.
Qubadlı rayonunun gələcək inkişaf perspektivləri də dəqiqliklə planlaşdırılıb. Əvvəllər rayonun ümumi enerji tələbatı 12 MVt təşkil edirdisə, 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan 2040-cı il üçün bu tələbatın 38 MVt-ı keçəcəyi gözlənilir. Bu məqsədlə, 25 oktyabr 2021-ci ildə rayonda sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyası istifadəyə verilmişdir.
Paralel olaraq, Füzulidəki “Şükürbəyli” və “Cəbrayıl” yarımstansiyalarından bura 76 kilometrlik ikidövrəli yüksəkgərginlikli “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkilmişdir. Eyni zamanda, xətt boyunca çəkilən fiberoptik kabel sayəsində Qubadlıya yüksəksürətli və dayanıqlı internet şəbəkəsi gətirilmişdir.
İllərdir həsrətində olduğumuz torpaqlarımıza böyük qürur hissi ilə qovuşuruq. Biz bu Qələbəni Ali Baş Komandan İlham Əliyevin sarsılmaz əzminə, düzgün strategiyasına və qəhrəman şəhidlərimizin müqəddəs qanına borcluyuq. Azad Qubadlının hər qarışına qədəm basarkən, torpaq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman dərin ehtiram və minnətdarlıqla yad edəcəyik!