İran öz vətəndaşlarının fundamental hüquqlarını tapdamış bir dövlətdir

İran öz vətəndaşlarının fundamental hüquqlarını tapdamış bir dövlətdir

Səadət Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon 282 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan dövləti müstəqillik əldə etdiyi ilk dövrlərdən etibarən həmsərhədd olduğu ölkələrlə mehriban qonşuluq siyasəti aparmağa köklənmişdir. Ermənistanın ölkəmizin beynəlxalq hüquq çərçivəsində tanınmış sərhədlərinə təcavüzü dövlətimizin sülhməramlı siyasətinin istiqamətini məcburi olaraq fərqli yönə dəyişdi. Bir dövlətin ilkin məsuliyyətinin öz vətəndaşlarının hüquqlarını təmin etmək olduğunu göz önündə tutan Azərbaycan doğulduğu torpaqlardan işgəncə və zülmlə qovulan, illərlə qurub yaratdıqları dağıdılan xalqının ayaqlar altına alınmış hüquqlarını bərpa etməyə qadir olduğunu 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi. Bu proses həm də bəzi ölkələrin bizə münasibətdə apardıqları siyasətin qeyri-səmimi tərəflərini üzə çıxardı.

Təəssüf ki, əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edən İran İslam Respublikası bu mənada regionda ən qatı mövqe sərgiləyən addımları ilə seçildi. Erməni təəssübkeşliyinin səbəbi isə təbii ki, bu xalqa olan sevgi və ehtiramdan deyil məhz işğaldan azad olunan ərazilərimizdə daha qanunazidd fəaliyyətlər həyata keçirməsinin mümkünsüzlüyünü anladığından irəli gəlir. Bir ölkənin regiondan sıyrılaraq tək inkişaf etməsinin mümkünsüzlüyünü dərk edən sağlam düşüncəli Azərbaycan dövləti bütün qonşuları ilə birlikdə iqtisadi, mədəni inkişafa, sosial rifaha yönəlmiş layihələr barəsində düşünərkən pozucu və bölücü yanaşması ilə bütün Cənubi Qafqazın müsbətmeylli inkişafına ciddi təhdidə çevrilməsi İran İslam Respublikasının artıq formalaşmış mənfi imicini bir qədər də dərinləşdirir. Demək olar ki, bütün qonşuları ilə problem yaşayan bu dövləti Ermənistanla uzlaşdıran da yəqin ki, bu oxşarlıqdır.

Dövlətin adında “İslam” sözünün yer alması əhalisinin böyük hissəsi İslam dininə etiqad edən Azərbaycana münasibətdə riyakarlıqdan başqa heç nəyə xidmət etmədiyini aydın şəkildə göstərir. Özünü müsəlman təəssübkeşi kimi təqdim etmək isə İrana yalnız Azərbaycanın siyasi sabitliyini pozmağa xidmət edən qruplaşmalar yaradarkən bəhanə qismində lazım olur. 30 ilə yaxın müddətdə Azərbaycanın işğal altında olan torpaqlarında təkcə azərbaycanlı müsəlmanların yox bütün müsəlman aləminin heysiyyatına toxunan əməllər baş verəndə, məscidlərdən Quran sədası əvəzinə heyvan səsləri gələndə bu “ İslam dövləti” ni qətiyyən narahat etmirdi. Səbəb kifayət qədər sadə və aydındır. Çünki İranı idarə edənlər üçün din pərdədən başqa heç nə deyil.

Azərbaycanın ərazilərinin işğalda qalması isə özünü dövlət adamı, dini lider və sair adlandıran şəxslərin həmin torpaqları narkotika plantasiyalarına çevirmələrinə, tranzit yol olaraq istifadə etmələrinə şərait yaratdığı üçün sərfəli idi. Sadalananlar onu göstərir ki, nə İran, nə də Ermənistan dövlətləri öz vətəndaşlarının rifahı üçün çalışmırlar. Onların əsas məqsədi yüksək dövlət postlarında məqam sahibi olan adamların qeyri-qanuni və qeyri-insani yollarla pul qazanmasına xidmət edir. Lakin heç bir xalq bu cür münasibətə layiq deyil.

Bütün mütərəqqi dövlətlərdə olduğu kimi Azərbaycanın da ali qanunu olan konstitusiyamızda göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Elə ona görə də xalqın hakim dairələrə münasibəti və dövlətin öz vətəndaşlarına verdiyi əhəmiyyətin səviyyəsi bütün həqiqətləri güzgü kimi əks etdirir. Bu mənada İranda son aylar ərzində baş verənlər içindən çürüməkdə olan molla rejiminin ən çirkin tərəflərini gözlər önünə sərir. Öz qaranlığında bütün bəşəri duyğuları və demokratik haqları boğmağa çalışan bu rejimin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi heç bir halda qəbul edilə bilməz.

 2020-ci ilin noyabrında imzalanmış razılaşmaya əsasən açılması nəzərdə tutulan Zəngəzur dəhlizi ilə bağlı işlərə hər vəchlə mane olmağa çalışması son nəticədə regionun həyatında oynadığı dağıdıcı rolun daha bir nümunəsidir. Arxası boş və bir qədər də gülünc əzələ nümayişi İranın beynəlxalq ictimaiyyətdə onsuz da aşağı olan nüfuzunu bir az da zədələyir. Azərbaycanda aşkarlanmış dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanları tərəfindən təşkil olunması, maliyələşdirilməsi və fəaliyyətlərinin idarə olunması faktlarla sübuta yetirilmişdir.

İran öz vətəndaşlarının fundamental hüquqlarını tapdamış bir dövlətdir. Belə bir dövlətin, başqalarına səadət bəxş edəcəyinə ümid etmək yumşaq ifadə etsək sadəlövhlükdür. Elə ona görə də nəinki Azərbaycanın eləcə də bütün regionun sakinləri bu təhlükəni dərk edərək adekvat münasibət göstərməli, demokratik dəyərlərə, insan haqlarına verdikləri dəyəri öz düşüncələri və əməlləri ilə göstərməlidirlər.

Azərbaycanın qalib Ali Baş Komandanının simasında hərbi-siyasi qüdrətimizin, müdrik insanlarının simasında siyasi ayıqlığımızın inkişaf yolundakı addımlarımıza təkan olacağına heç bir şübhə yoxdur. Məqsədimiz bəlli, hədəfimiz dəyişməzdir. Daha qüdrətli dövlət, daha xoşbəxt Azərbaycan üçün çalışmaq bütün sağlam düşüncəli vətəndaşlarımızın əqidəsinin əsasıdır.