Azərbaycan- Almaniya münasibətləri yeni mərhələdə

Gözəl Məmmədyarova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib. Səfər zamanı mətbuata bəyanat verilib. Bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyev bu səfərin Almaniya-Azərbaycan əlaqələrinə yeni müsbət təkan verəcəyini əminliklə vurğulayıb. Eyni zamanda qeyd edib ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib: “Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpa olunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Bakıda keçirdikləri görüş, Azərbaycan-Almaniya münasibətlərinin gələcəyi və bu əlaqələrin müxtəlif sahələrdə necə inkişaf edə biləcəyinə dair mühüm istiqamətləri ortaya qoydu. Görüşün əhəmiyyəti yalnız iki ölkə arasında mövcud olan əməkdaşlığı möhkəmləndirməkdə deyil, həm də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyətin genişlənməsi baxımından önəm daşıyır. Almaniya ilə əməkdaşlığın strateji əhəmiyyəti, Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun və Almaniyanın bu prosesdəki rolunun daha da artmasına gətirib çıxaracaq. Eyni zamanda, bu əməkdaşlıq, Cənubi Qafqazda sabitliyin və beynəlxalq münasibətlərdəki müsbət dinamikanın təmin olunmasında mühüm rol oynayacaqdır.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Almaniya, təbii qaz və bərpa olunan enerji sahələrində qabaqcıl texnologiyalara malikdir. Bu texnologiyaların Azərbaycanda tətbiqi, həm ölkənin enerji sektorunun diversifikasiyasına kömək edə bilər, həm də Avropanın enerji təhlükəsizliyinə daha çox töhfə verə bilər. Ştaynmayerin qeyd etdiyi kimi, Almaniya bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın Avropaya təbii qaz ixracının artması və bərpa olunan enerji sahələrində əməkdaşlığın güclənməsi, iki ölkə üçün strateji üstünlük yaradacaqdır.
Bütövlükdə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin respublikamıza ilk rəsmi səfəri göstərdi ki, bu ölkə Azərbaycanla əlaqələrin daha da inkişafına maraq göstərir. Bu baxımdan iki dövlət arasındakı siyasi dialoq konstruktiv tərəfdaşlığa əsaslanmaqla fəal şəkildə davam etdirilir və bu, digər sahələrdə əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda səfərin yekunları belə bir qənaətə gəlməyə imkan verir ki, Almaniya Azərbaycanın beynəlxalq aktual məsələlərlə bağlı mövqelərini düzgün dəyərləndirir.