Bu gün 105 yaşlı Azərbaycan bayrağının Qarabağ torpağında zəfər yelləri ilə dalğalandığı bir gündür

Bu gün  105 yaşlı Azərbaycan bayrağının Qarabağ torpağında zəfər yelləri ilə dalğalandığı bir gündür

Fərəh Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu,141 nömrəli tam orta məktəbin direktoru

Qəbul edildiyi 1918-ci il 9 noyabr tarixindən bu yana ləyaqətimiz,şərəfimiz olan bayrağımız bugünkü qədər qürurla dalğalanmamışdı. Mənliyimiz, kimliyimiz olan bu bayraq vaxt oldu dövlətimizi mötəbər kürsülərdə təmsil etdi, vaxt oldu əsirlik həyatı yaşadı, yasaqlandı, vaxt oldu şəhid tabutuna sarıldı. Amma bu üçrəngli, ay ulduzlu sevdamız hər zaman  qəlbimizin ən ən ülvi guşəsində oldu. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan tarixinin  çətin və şərəfli səhifəsi olan milli-demokratik hərəkatın ideolji simvolu olan Azərbaycan bayrağı hər zaman ifadə etdiyi məna yükü ilə millətimizin yolunda mayak rolunu oynadı: ”Türk soylu, islam imanlı müstəqil Azərbaycan müasir dünya ilə ayaqlaşaraq öz əbədi səadət və xoşbəxtliyini tapmışdır.”

XX əsrin sonları da əvvəlləri kimi keşməkeşli və şərəfli bir tarixdir. Müstəqil liyimizi yenidən bərpa etmək uğrunda  mübarizənin önündə gedən dahi lider  Heydər Əliyev 1990- cı ilin 17 noyabrında Naxçıvan MR Ali Məclisində tarixi təşəbbüsə imza atdı.Sələflərinin ən dəyərli yadigarı olan üçrəngli,ay-ulduzlu bayrağı dövlət bayrağı elan etdi.Bundan sonra Azərbaycan Respublikası Ali Soveti də 1991-ci fevralın 5-də eyni addımı atdı. Milli dövlətçilik ənənələrinin inkişafına xidmət etmiş Ulu Öndər Heydər Əliyev önəmli, ali siyasi iradəsinin təcəssümü olan bu tarixi təşəbbüsü sonralar xatırlayaraq demişdir: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”

2009-cu ildən etibarən Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 9-u  Azərbaycanda bayraq günü kimi qeyd olunur. Azərbaycan  Respulikasında dövlət bayrağı rəsmiləşdirilmiş, istifadə qaydaları, bu müqəddəs rəmzə hörmət və ehtiram qanunla qorunur. Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir.

Nəinki hər bir həmyerlimiz hətta əcnəbi vətəndaşlar da Azərbaycan bayrağına hörmət və məsulliyyətlə yanaşmalıdır. Bu gün  105 yaşlı Azərbaycan bayrağının Qarabağ torpağında zəfər yelləri ilə dalğalandığı bir gündür! Bu gün Xankəndidə  hərbi paradı bəzəyən bu bayrağı sevinc yaşları olmadan izləmək mümkün deyil. Necə də qürür vericidir.

Eşq olsun şərəfimiz olan bayrağımızı layiq olduğu yerlərə sancan ali sərkərdəyə! Eşq olsun sərkərdəsinin dəmir yumruğuna çevrilən müzəffər orduya!