İlham Əliyev Qoşulmama Hərəkatının gücünü belə ifadə etdi - BMT TŞ-nin qətnaməsi bloklandı
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli qətnamənin bloklanması çox böyük uğur idi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi.
Ölkə başçısı qeyd edib ki, Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi: “Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələlər bizə qarşı kampaniyaya - qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.
Görünən odur ki, Azərbaycanın Qoşulmama Hərəkatında olan nüfuzu, orada təmsil olunan dövlətlərin ortaya qoyduğu mövqe ölkəmizə qarşı yönələn mənfur planın qarşısını alıb.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov bununla bağlı bir sıra məqamlara toxundu: “Bütün bunlar Azərbaycanın nüfuzundan irəli gəlir. Qoşulmama Hərəkatında 120 dövlət təmsil olunur. Təşkilatda 18 müşahidəçi dövlət, 10 müşahidəçi təşkilat var. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük təşkilatdır. Belə bir təşkilatda təmsil olunan ölkələrin BMT-də Azərbaycanı dəstəkləməsi vacib hadisədir. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına rəhbərlik edir. Bizə olan hörmətin nəticəsidir ki, Azərbaycanın bu quruma rəhbərliyi 2023-cü ilin sonuna qədər artırılıb. Xüsusilə qeyd olunmalıdır ki, Bakı dünya siyasi mərkəzinə çevrilir. Qoşulmama Hərəkatı Banduq prinsiplərinə əsasən fəaliyyət göstərir. Sözügedən prinsipin mahiyyəti dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi, daxili işlərə qarışmamaq və qarşılıqlı sülh şəraitində yaşamaqdır.
Azərbaycan hər zaman bu prinsiplərə sadiqdir. Ötən 30 il ərzində Ermənistanın BMT-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirməməsi onu göstərdi ki, dünyada ikili standartlar qalmaqdadır. Təbii ki, bu qəbuledilməz idi. Ona görə də 2020-ci ilin payızında Azərbaycan Ordusu bu qətnamələrin yerinə yetirilməsini təmin etdi. Əfsuslar olsun ki, bəzi dövlətlər beynəlxalq hüquqa dəstək vermək əvəzinə, Təhlükəsizlik Şurası səviyyəsində bizə qarşı qətnamə qəbul etməyə cəhd etdilər. Fikrimcə, həmin dövlətlərin başında Fransa dayanırdı. Çünki o vaxt ən çox hay-həşir qoparan məhz Fransa idi. Ancaq o vaxt BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan bir sıra dövlətlər buna imkan vermədi. Çünki onlar Qoşulmama Hərəkatında təmsil olunurdular. Beləliklə, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli qətnamənin bloklanması çox böyük uğur idi. Bundan bir neçə gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Bu səbəbdən siyasi ekspert hesab edir ki, Azərbaycan nəinki Cənubi Qafqazda, dünyanın lider ölkələri siyahısına daxil olur və siyasi çəkisi daha da artacaq.