AQEM-də Azərbaycanın sülhpərvər mövqeyi...

AQEM-də Azərbaycanın sülhpərvər mövqeyi...

Lalə Həsənli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 268 saylı uşaq bağçası-körpələr evinin tərbiyəçi müəllimi

Cənubi Qafqazda daimi sabitliyin və qəti sülhün bərqərar olunması Azərbaycan dövlətinin xarici siyasət kursunun təməl daşlarından biridir. Prezident İlham Əliyevin Bakı ev sahibliyində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündəki nitqi ölkəmizin regional təhlükəsizlik reallıqlarına, beynəlxalq hüquqi normaların toxunulmazlığına və qonşuluq münasibətlərinin sağlam əsaslarla qurulmasına verdiyi önəmi növbəti dəfə bütün dünyaya bəyan etdi.

Ölkə rəhbəri öz çıxışında aydın şəkildə bildirdi ki, regionda güvənli mühitin yaradılması birbaşa olaraq dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə şərtisiz hörmətdən və daxili işlərə müdaxilə edilməməsi prinsipindən asılıdır. Eyni zamanda, qlobal arenadakı ikili standartlar sülh prosesinə ən böyük maneə kimi qiymətləndirildi.

Azərbaycanın sülhpərvər mövqeyi asan şəraitdə formalaşmamış, çətin və mürəkkəb bir tarixi sınaqdan keçmişdir. Müstəqilliyin ilk illərindən etibarən torpaqlarımızın qanunsuz işğalı, milyonlarla soydaşımızın yurdundan didərgin düşməsi və şəhərlərimizin viran qoyulması kimi böyük humanitar fəlakətlərlə qarşı-qarşıya qaldıq. BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi məlum dörd qətnamənin onilliklər boyu kağız üzərində qalması qlobal hüquq sisteminin icra mexanizmlərindəki ciddi çatışmazlıqları ortaya qoydu.

Dövlət başçısı öz nitqində bu acı təcrübəyə istinad edərək vurğuladı ki, beynəlxalq qurumların qərarları sadəcə siyasi bəyanat xarakteri daşımamalı, onların real icrasını təmin edən qətiyyətli addımlarla möhkəmləndirilməlidir.

2020-ci ilin şanlı Vətən müharibəsi və ardınca 2023-cü ilin payızında həyata keçirilən antiterror tədbirləri ilə ölkə suverenliyinin tam bərpası regionun geosiyasi mənzərəsini kökündən dəyişdi. Azərbaycan öz gücü ilə ədaləti bərpa etdikdən sonra intiqam deyil, gələcəyə yönəlik əməkdaşlıq və dövlətlərarası əlaqələrin normallaşdırılması gündəliyini irəli sürdü.

Ali Baş Komandanın bəyanatlarında müharibənin başa çatmasından dərhal sonra Ermənistana uzadılan sülh əli xüsusi yer tutur. Bu humanist yanaşma sübut edir ki, dayanıqlı hüzur sadəcə silahların susması ilə deyil, tərəflərin qarşılıqlı şəkildə öhdəliklərinə sadiq qalması və yeni münaqişə ocaqlarının qarşısının alınması ilə mümkündür.

İki ölkə arasında aparılan danışıqlar və bu çərçivədə əldə olunan hər bir diplomatik irəliləyiş regional barışığın əsas sütunlarını təşkil edir. Sülh sazişinin layihəsi üzrə əldə edilən razılaşmalar, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsi prinsipləri üzərində qurulan diplomatik təmaslar prosesin gələcəyini müəyyən edir. Hazırda bu siyasi razılaşmaların real və qalıcı nəticələrə çevrilməsi birbaşa olaraq tərəflərin öz üzərilərinə götürdükləri öhdəlikləri ardıcıl, səmimi və tam şəkildə yerinə yetirməsindən asılıdır.

Paylaş