Geyimlə bağlı vahid tələblərin müəyyənləşdirilməi qaydası
Cavid Eminov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 65 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Səliqəli, təmiz, sadə və işgüzar üslubda geyim müəllimin təhsil prosesinə məsuliyyətli münasibətini ifadə edən zahiri göstəricilərdən biridir. Bu yanaşma müəllimin nüfuzunun qorunmasına, məktəbdə ciddi və məsuliyyətli iş atmosferinin yaradılmasına, həmçinin təhsilalanlarla qarşılıqlı münasibətlərdə peşəkar mövqenin möhkəmləndirilməsinə kömək edir.
Bununla belə, müəllimin pedaqoji nüfuz dərin bilik, yüksək metodiki hazırlıq, ədalətli münasibət, etik davranış, şagirdlərin fərdi xüsusiyyətlərinə hörmət və tədrisin keyfiyyəti əsasında formalaşır. İşgüzar geyim mədəniyyəti isə bu keyfiyyətləri tamamlayan, müəllimin peşəkar obrazının bütövlüyünə xidmət edən elementdir. Buna görə də geyimlə bağlı tələblərə riayət olunması müəllimin peşəkarlığının meyarı və ümumi pedaqoji mədəniyyətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Geyimlə bağlı vahid tələblərin müəyyənləşdirilməsi, ilk növbədə, dövlət ümumi təhsil müəssisələrində ümumi prinsiplərin tətbiqinə imkan yaradır. Aydın və hamı üçün anlaşılan qaydaların mövcudluğu həm təhsilverənlər, həm də məktəb rəhbərlikləri üçün ortaq istiqamət müəyyənləşdirir. Bu, geyim məsələsinə münasibətdə fərqli yanaşmaların azaldılmasına, məktəbdaxili qaydaların ardıcıl tətbiqinə və peşəkar davranış standartlarının möhkəmləndirilməsinə şərait yaradır.
Vahid yanaşma müəllimlərin fərdi xüsusiyyətlərini və şəxsi üslubunu tamamilə aradan qaldırmaq məqsədi daşımır. Əsas məqsəd şəxsi seçimlərlə pedaqoji fəaliyyətin tələbləri arasında uyğunluğun təmin edilməsi, məktəbin işgüzar mühitinə və tədris prosesinin xarakterinə uyğun geyim mədəniyyətinin formalaşdırılmasıdır. Bu baxımdan, sadəlik, səliqəlilik, rahatlıq və peşəkar görünüş əsas prinsiplər kimi ön plana çıxır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 325 nömrəli Qərarı ilə təsdiq edilmiş Tələblərə əsasən, təhsilverənlərin geyimi mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Sənəddə kişi və qadın təhsilverənlər üçün nəzərdə tutulan geyim nümunələri, eləcə də geyimin ölçüsü və formasının əmək funksiyalarının icrasına mane olmaması prinsipi müəyyən edilir. Eyni zamanda, fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı məşğələnin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi nəzərə alınır.
Bu yanaşma göstərir ki, işgüzar geyim tələbləri yalnız zahiri görünüşün vahidləşdirilməsinə yönəlməyib. Burada əsas məqsəd təhsilverənin peşəkar fəaliyyətinə uyğun, funksional və məktəb mühitinin xüsusiyyətlərini nəzərə alan geyim mədəniyyətinin formalaşdırılmasıdır. Başqa sözlə, geyim həm müəllimin fəaliyyətinə uyğun olmalı, həm də təhsil müəssisəsinin ümumi işgüzar atmosferinə xələl gətirməməlidir.
İşgüzar geyim mədəniyyəti yalnız zahiri görünüş məsələsi deyil. Bu anlayışa müəllim peşəsinə hörmət, pedaqoji etika, şəxsi məsuliyyət, kollektivdə qarşılıqlı münasibətlərin tənzimlənməsi və təhsil müəssisəsinin ictimai nüfuzunun qorunması kimi məqamlar da daxildir. Müəllimin geyimi onun şagirdlər, valideynlər, həmkarlar və məktəb rəhbərliyi ilə ünsiyyəti zamanı yaratdığı ümumi təəssüratın formalaşmasına müəyyən təsir göstərir.