“Euronews” telekanalına verdiyi müsahibədə Prezident bütün məsələlərə aydınlıq gətirdi

“Euronews” telekanalına verdiyi müsahibədə Prezident bütün məsələlərə aydınlıq gətirdi
Sevinc Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 278 nömrəli tam orta məktəbin direktoru
Qlobal həmrəyliyə davamlı töhfələr verən ölkəmiz Azərbaycan cari ilin noyabrında daha bir dünya əhəmiyyətli mühüm tədbirə - COP29-a ev sahibliyi edəcək. Tədbirə beynəlxalq səviyyədə böyük maraq var, ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Azərbaycan belə bir genişmiqyaslı qlobal konfransa ev sahibliyi hüququnun verilməsini həm beynəlxalq birliyin etimadı, həm də böyük məsuliyyət kimi qəbul edərək ciddi hazırlıq tədbirləri görür. Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində COP29-un gündəliyinə xüsusi diqqət çəkib. Dərin təhlillər əsasında hazırlanan bu gündəlik dünyada yaşanan iqlim dəyişikliyi ilə bağlı yaranan çağırışlara adekvatdır və nəzərdə tutulan genişmiqyaslı tədbirləri əhatə edir.
Hazırda heç də təsadüfü deyil ki, dünya üzrə iqlim dəyişikliyi ilə bağlı çağırışların aktuallığı artır. Ekspertlər bir sıra müqayisələr aparırlar. Bildirilir ki, əgər bir vaxtlar qlobal səviyyədə əhali artımına, insanların həyat tərzinə, sosial vəziyyətinə daha çox dərəcədə müharibələr mənfi təsir göstərirdisə, indi burada iqlim dəyişikliyi önə çıxmaqdadır. Dünyanı təhdid edən iqlim dəyişikliyinin qlobal istiləşmə və sürətli sənaye inkişafının nəticəsi olaraq yarandığı bildirilir. Uzun illərdir ki, dünyada artan əhali neft, qaz, kömür yandırır. Eyni zamanda, avtomobillərin sayı sürətlə artır. Bütün bu kimi fəaliyyətlər atmosverə daha çox həcmlərdə tullantıların, karbon qazının buraxılması ilə nəticələnir. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi həyəcan təbili çalmağa əsas verir. 2011-2020-ci illər arasında buzlaqların əriməsi əvvəlki 10 illərlə müqayisədə 75 faiz artıb. Ötən il dünya tarixinə ən isti il kimi daxil oldu. Təbii fəlakətlərin - isti küləklərin, qasırğaların, yağıntıların, sel və daşqınların sayı əhəmiyyətli dərəcədə artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq bu göstərici 2000 metr dərinliyə qədər çatır.
Bəhs olunan müsahibəsində Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada iqlim çağırışları ilə bağlı fikirlər heç də həmişə üst-üstə düşmür. Fərqli çağırışlar edilir, bir sıra hallarda isə müxtəlif strukturlu iqtisadiyyatlara və inkişaf səviyyələrinə malik ölkələrin bir-birlərini ittiham etmələrinin şahidi oluruq. Belə yanaşmalar ümumi məqsədlərə çatmağa kömək edə bilməz. Çağırışlar bütün dünya üçün olduğu kimi, dövlətlərin qarşıya qoyduqları məqsədlər də uyğunlaşdırılmalı və səylər birləşdirlməlidir. COP29-a ev sahibliyi edəcək Azərbaycanın mövqeyi belədir ki, qlobal təhdidlər fonunda hər bir ölkə öz məsuliyyətini anlayaraq iqlim dəyişikliyinə qarşı milli səviyyədə özünün gündəliyini müəyyənləşdirməlidir. Bu mənada məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır.
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu 2000-ci ildə təsdiqləyib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Digər bir mühüm beynəlxalq sənəd olan Paris Sazişi isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub. Respublikamız BMT-nin çağırışına qoşularaq neft sənayesində “sıfır emissiya” hədəfi müəyyənləşdirib. Qəbul olunan strategiyaya əsasən, indiki mərhələdə ətraf mühit məsələləri ölkəmizin beş milli prioriteti sırasında yer alır. Respublikamız 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.
“Euronews” telekanalına verdiyi müsahibə müxbir dövlətimizin başçısına “COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?” sualını ünvanlayıb. Prezident İlham Əliyev həmin suala “Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq” - deyə cavab verib.