Prezidentin Düşənbədən verdiyi mesaj: MDB məkanında gənclərin ortaq yol xəritəsi

Prezidentin Düşənbədən verdiyi mesaj: MDB məkanında gənclərin ortaq yol xəritəsi

Ayxan Aslanlı

 YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü

Azərbaycan Dövlət İqtisad Üniversitetinin tələbəsi

Oktyabrın 10-da Prezident cənab İlham Əliyev Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərək, Azərbaycanın bölgədəki rolu və təşkilat çərçivəsində əməkdaşlığın gələcək istiqamətləri barədə mühüm fikirlər səsləndirdi. Bu çıxış həm regional sabitliyə, həm də mədəni və humanitar əlaqələrin dərinləşməsinə yönəlmiş uzaqgörən bir baxış kimi qiymətləndirilə bilər.

Prezident əvvəlcə Tacikistan Prezidenti Emoməli Rəhmona səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Tacikistanın inkişafını və Düşənbənin müasir simasını təqdir etdi. Bu, sadəcə diplomatik jest deyil, MDB məkanında qarşılıqlı hörmət və dostluq münasibətlərinin vacibliyinə verilən dəyərin göstəricisidir.

Möhtərəm Prezident İlham Əliyev çıxışında MDB-nin humanitar və mədəni əməkdaşlıq platforması kimi roluna xüsusi diqqət çəkdi. O, Laçının MDB-nin 2025-ci il üçün mədəniyyət paytaxtı elan olunmasını Azərbaycan üçün böyük qürur kimi qiymətləndirdi və bu qərarı dəstəkləyən bütün ölkələrə minnətdarlığını ifadə etdi. Bu addımın dərin və simvolik məna daşıdığını vurğulayan Prezident, mədəniyyətin xalqları birləşdirən körpü rolunu oynadığını xatırlatdı.

Mən bir gənc olaraq xüsusi vurğulamaq istərdim ki, cənab Prezidentin ölkəmizdə keçirilən III MDB Oyunları haqqında dərin mənalı fikirləri təşkilatın bu sahədə gələcək fəaliyyətinə müsbət təsir edəcək amildir. Cənab İlham Əliyev bu oyunların gənclər arasında dostluq və həmrəyliyi gücləndirdiyini bildirdi. Prezident, bu kimi tədbirlərin regionda qarşılıqlı etimadı möhkəmləndirdiyini qeyd etdi. Onun fikrincə, idman, mədəniyyət və təhsil sahəsində ortaq layihələr gənc nəsillər arasında sülh və əməkdaşlıq düşüncəsini formalaşdırır. Bu çıxışın əsas mesajı ondan ibarətdir ki, müasir dünyada dövlətlərin gücü təkcə iqtisadi və hərbi göstəricilərlə deyil, həm də mədəni, mənəvi və humanitar sahələrdə əməkdaşlıq bacarığı ilə ölçülür.

Prezident İlham Əliyevin Düşənbədən verdiyi mesaj MDB məkanında gənclərin, yaradıcı insanların və düşünən cəmiyyətlərin ortaq gələcəyi üçün yol xəritəsi kimi səsləndi. Bu baxış, yeni nəsil üçün həm motivasiya, həm də istiqamətdir: birlikdə düşünmək, mədəni dəyərləri qorumaq və sülhü gələcək nəsillər üçün sabit reallığa çevirmək.