Hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarətdir

Hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarətdir

Vaqif Qaraqoyunlu

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini, hərbi ekspert

Azərbaycan dövləti üçün ərazi bütövlüyünün tanınması daima prioritet məsələlərdən biridir. Belə ki, Prezident Cənab İlham Əliyevin bu ilin yanvarında Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərkən öncə diqqəti Azərbaycanın ərazi bütövlüyünə suverenliyinin tam bərpa etməsinə və onun yaratdığı reallıqlara yönəldərək bildirmişdir ki, ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenliyimizi bərpa etdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.

Qlobal səviyyədə Cənubi Qafqaz və Xəzər regionu daima supergüclərin nüfuz uğrunda mübarizə  mərkəzi olmuşdur. Cənubi Qafqazda sülhün təsis edilməsi regionun inkişafına və xalqların sosial rifahının yüksəlməsinə xidmət edir. Ancaq, bəzi ölkələrin Ermənistan rəhbərliyinin separatizm siyasətini dəstəkləməsi, regionda sabitliyin bərpasını gecikdirməklə regionun inkişafına öz mənfi təsirini göstərir.

Azərbaycan xalqını və bütövlükdə regionu ciddi narahat edən ən böyük problem Ermənistanın etnik separatizm siyasətidir. Etnik separatizm siyasəti bu gündə regionun inkişafına təkan verəcək bir çox layihələrin həyata keçirilməsinə mane olmaqdadır.   Regionda yalnız sülhün təsis edilməsi ilə rifah yolunu açmaq mümkündür. Buna da ən çox Ermənistanın ehtiyacı var. Çünki, iflasa uğramış iqtisadiyyatı olan Ermənistanın xalqı səfalət içərisində yaşayır.

Baş verən hadisələrin gedişatı bir daha sübut edir ki, azad siyasət aparmaq iqtidarında olmayan Ermənistan rəhbərliyi hələ də sülh müqaviləsinin imzalanmasında istəkli deyildir. Ermənistan rəhbərliyi anlamalıdır ki, regionda milli ədavət yaradaraq separatizm siyasəti aparmaqla heç nə əldə etmək olmaz. Əlbətdə, regionun inkişafı üçün, tarixi ədavətə son qoyulmalı, qarşılıqlı ərazi bütövlüyünü tanımalı və ədalətli  sülh sazişi imzalamalıdır.

Əgər, Ermənistan rəhbərliyi yaranmış bu tarixi imkandan faydalanaraq regionun inkişafı naminə müsbət addım atarsa, region dövlətlərinin siyasi, iqtisadi və mədəni inkişafına müsbət təsir göstərəcəkdir. 

Azərbaycan Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutur. Dövlət başçısı İlham Əliyev həmin müsahibədə jurnalistin Azərbaycanın hazırda çoxqütblü dünyada yerinin harada olması ilə bağlı sualına cavab olaraq bildirdi ki, biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq. Lakin heç də hər bir ölkə bunu etmək üçün potensiala malik deyil. Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı.

Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.

Hədəf Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarətdir. Ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi siyasi mövqeyini möhkəmləndirdi. Azərbaycan hazırda etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir.

Xəzər regionu hazırda Avropanı qazla təmin edən ən mühüm mənbələrdən biridir. Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib. Bu gün bu fəaliyyətlər öz bəhrəsini verməkdədir. Prezident cənab İlham Əliyevin cəsarəti, siyasi iradəsi və müdrikliyi azərbaycan  xalqının və dövlətinin həyatında əvəzedilməz rola malikdir. Onun apardığı uğurlu siyasətin nəticəsində Azərbaycan Cənubi Qafqazda və Xəzər regionunda sağlam siyasi və iqtisadi mühitin yaranmasının bilavasitə təminatçısı olan bir ölkəyə çevrilmişdir. 

Bu gün sevindirici bir haldır ki, Azərbaycan adlı ölkəmiz, Dünya xəritəsində kiçik bir ərazidə yerləşməsinə baxmayaraq, humanitar yardımları, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, ən başlıcası olaraq uzaqgörən və qətiyyətli Lideri, ərazi bütövlüyünü  qəhraman ordusu ilə bərpa edən və siyasi arenada söz sahibi olan böyük nüfuza sahib bir ölkədir.