“Müstəqilliyin Bərpası Gününün elan olunması tarixi zərurət idi” adlı tədbir keçirilmişdir

15 oktyabr 2025-ci il tarixdə 23 saylı Şəhər Poliklinikasında "18 oktyabr - Müstəqilliyin Bərpası günü"nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, 23 saylı Şəhər Poliklinikasının baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sənan Əliyev, Hövsan Bələdiyyəsinin sədri Seymur Rəsulov, Hövsan qəsəbəsi üzrə RİHB-nın nümayəndəsinin müavini Bəhmən Məmmədov, 16 saylı Uşaq Poliklinikasının baş həkimi Könül Hümbətova və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbiri girş gözü ilə açan 23 saylı Şəhər Poliklinikasının baş həkimi, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Sənan Əliyev qonaqları salamlayaraq bildirmişdir ki, 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək tədbir iştirakçılarını təbrik edərək demişdir ki, 1991-ci il oktyabrın 18-də böyük dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri olduğu “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı”-nın Ali Sovet tərəfindən qəbul edilməsiylə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edildi. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etdi. Vüqar Seyidov bir məqamı da xüsusi vurğulamışdır ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu bir daha göstərir.
Çıxış edən digər natiqlər də öz növbələrində qeyd etmişlər ki, dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün olmaqla Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.