Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlət başçısı çıxışında şanlı qələbəmizdən, işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, Zəngilan Hava Limanının açılışının ölkəmizin həyatında çox əlamətdar hadisə olduğundan bəhs edib.
Türkiyənin nəhəng layihələr reallaşdırdığını deyən İlham Əliyev bildirib ki, "Türkiyə bölgədə söz sahibidir. Dünyada mühüm bir güc mərkəzidir. Hər kəs bilməlidir ki, bu uğurlar Rəcəb Tayyib Ərdoğanın sayəsindədir".
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bu torpaqlarda qəbul etməkdən şərəf duyduğunu bildirib. Bu günün Azərbaycan üçün mühüm gün olduğunu vurğulayan Azərbaycanın Prezidenti bir il əvvəl Füzuli hava limanını, bu gün isə Zəngilan hava limanını istifadəyə verdiklərini bildirdi ki, bu da Türkiyə ilə Azərbaycanın bütün xoş anlarda bir yerdə olduğunun göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Zəngilanın işğaldan azad edilməsinin 2-ci ildönümünü qeyd etdiklərini xatırladıb və belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olmasının xüsusi olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan müttəfiqliyinin əhəmiyyətindən söz açan dövlət başçısı bu qardaş həmrəyliyinin Qarabağ məsələsində də ən yüksək səviyyədə sərgiləndiyini qeyd edib. Türkiyə bu ədalətli mübarizədə Azərbaycana hərtərəfli dəstək verdi. Prezident Ərdoğanın “Azərbaycanlı qardaşlarımızın azad edilən torpaqlara qayıtmağa başlamaları bizi həddindən artıq sevindirir. Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin!
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” mesajı ilə Türkiyə Azərbaycana ən yüksək səviyyədə dəstəyini bildirdi.
İşğal dövründə ermənilər tərəfindən törədilən dağıntılardan danışan İlham Əliyev Azərbaycan əsas hədəfinin davamlı sülh, firavanlıq və sabitlik olduğunu qeyd edib. Cənab Prezident İlham Əliyevin Cəbrayılda çıxışı onu göstərdi ki, Azərbaycan dövləti və Azərbaycan xalqı hər zaman sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və hər zaman beynəlxalq aləmdə təhlükəsizlik, yeni yanaşmalar və digər məsələlərin həlli istiqamətində öz müsbət töhfəsini verməyə hazırdır.