Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalıdı

Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalıdı
Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir. Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.
Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, sərhəd ərazilərdə təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
Təbii ki, bütün bu amillər sülh prosesinə ciddi zərbə vurmuşdu. Nəticədə ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlaması ilə Dağlıq Qarabağın bir hissəsini azad edib, Şuşaya bayrağını sancıb, Zəfər gününü təsis etdi.
Düşmənin təslim olması ilə noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə müəyyən öhdəliklərin əks olunduğu atəşkəs sazişini imzalayaraq, Kəlbəcər, Laçın və Ağdamın qansız-qadasız geri qaytarılması, bölgəyə bu razılıq nəticəsində rus sülhməramlılarının gəlməsi, atəşkəsə nəzarət edəcək Rus-Türk Mərkəzinin qurulması iki ölkə arasında nəhayət ki, savaşa son veriləcəyi və sülh sazişinin imzalanacağı ümidlərini artırmış oldu. Amma keçən bir il ərzində nəinki sülh sazişi imzalana bilib, 10 noyabr bəyanatında nəzərdə tutulan nəqliyyat kommunikasiyalarının açılması da baş verməyib, əksinə, tərəflər arasındakı münaqişə sərhəddə mütəmadi müşahidə edilən gərginliyə çevrilib. Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyə real təhdid olan provokativ əməllərini beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etdirirdi. Revanş istəyi ilə alışıb yanan, hərbi cinayətlərini, sabotaj və təxribatlarını davam etdirən bu mürtəce dövlətə qarşı heç bir sanksiya tətbiq edilmirdi.
Nümunə olaraq Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumatı xatırlada bilərik. Həmin məlumatda qeyd olunurdu ki, ötən illər ərzində erməni silahlı birləşmələri tərəfindən bir cox təxribat xarakterli silahlı insident törədilib. Bunlardan Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib. Digərləri isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb. Bütün hallarda ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Bu hadisələr bunu deməyə əsas verir ki, ümumiyyətlə, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. Ona görə də, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini öz gücünə icra edir və edəcək də.
Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə çıxışlarında qeyd etdiyi kimi” Əgər ermənilər təxribatlara davam etsələr, dəmir yumruq yenə də başlarına dəyəcək”. Təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. Bu mənada, erməni tərəfinin bütün təxribatları layiqli cavabını alacaq. Baş veran təxribatın son həddi Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdı. Buna cavab olaraq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanmışdır.
Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırmışdı. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı.
Aparılan antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb, eyni zamanda Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılmışdı. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Aparılan lokal antiterror əməliyyatına olkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub.
Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər.
Öz məkirli, xain siyasətlərini davam etdirən bəzi siyasi partiyalar bəyanatı imzalamaqdan imtina etmişdilər. Rəsmi İrəvanı hərbi təxribatlara görə öz Bəyanatında qınayan İcma Azərbaycan tərəfinin beynəlxalq hüququn norma və prinsipləri əsasında atdığı ardıcıl addımlar Ermənistana sülhü və əməkdaşlığı seçmək imkanı yaratdığını bildirmişdir. Eyni zamanda Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
Hazırda Lokal antiterror əməliyyatının uğurla başa çatması, qanunsuz erməni silahlı dəstələrinin təslim olması nəticəsində Yevlaxda danışıqlar aparılması nəzərdə tutulub. Azərbaycan bir daha dünyanın siyasi elitasına öz gücünü göstərmiş oldu. Bəli, bizim Zəfərimiz əbədidir, sarsılmazdır!
Yaşasin Azərbaycanin Rəşadətli Ordusu!
Yaşasin Müzəffər Ali Baş Komandan!