Dövlət məktəbi dünyəvi hüquq normalarını rəhbər tutmalıdır

Dövlət məktəbi dünyəvi hüquq normalarını rəhbər tutmalıdır

İxtiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların vahid geyim tələblərini təsdiq edib. “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib. Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.

Təhsilverənlərin geyimi və geyim elementləri ümumi təhsilin dünyəvilik prinsipinə uyğun şəkildə, mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda olmalıdır. Pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən və geyim elementlərindən istifadəyə yol verilmir. Təhsilverənlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin məktəbi təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə riayət etməlidirlər. Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə yol verilir.

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim forması ilə bağlı yeni qaydalar dünyəvi təhsil prinsipinin mahiyyətini yenidən gündəmə gətirib. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş tələblərə əsasən, məktəbli formasının vahidliyini pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip təhsil prosesinin dini qaydalar əsasında deyil, ümumi hüquqi normalar çərçivəsində təşkilini nəzərdə tutur. Dünyəvi təhsil modeli müxtəlif dini inanclara malik olan və ya heç bir dini inancı olmayan şagirdlərin eyni təhsil mühitində birləşməsinə imkan yaradır. Burada əsas məqsəd hər hansı dini baxışa üstünlük vermək deyil, bütün şagirdlər üçün vahid təhsil standartlarını təmin etməkdir.

Məktəbli forması da bu yanaşmanın tərkib hissəsidir. Vahid geyim standartı məktəb mühitində ümumi qaydaların qorunmasına, şagirdlər arasında geyim fərqlərinin ön plana çıxmamasına və təhsil müəssisəsinə aidiyyət hissinin güclənməsinə xidmət edir. Yeni qaydaların tətbiqi zamanı məktəb rəhbərliklərinin və valideynlərin müəyyən edilmiş tələbləri nəzərə alması, şagirdlərin isə məktəb mühitində ümumi qaydalara riayət etməsi vacibdir.

Dünyəvi təhsil modeli müasir dövlət idarəçiliyinin mühüm prinsiplərindən biridir. Bu model təhsilin dini mənsubiyyətdən asılı olmayaraq bütün şagirdlər üçün ortaq hüquqi çərçivədə təşkilini nəzərdə tutur. Məktəbli geyiminə dair vahid tələblər də həmin yanaşmanın bir hissəsidir. Bu qaydaların məqsədi dini dəyərləri cəmiyyətdən kənarlaşdırmaq deyil, dövlət təhsil müəssisələrində müəyyən edilmiş ümumi standartları qorumaqdır.

Paylaş