AQEM in 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm məzmunlu çıxış etmişdir
Gülnar Nəsrullayeva
YAP Suraxanı rayon təşkilatının faəl üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı: Azərbaycanın beynəlxalq nüfuzu, tarixi Qələbəsi və sülhə sadiqliyi 2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm məzmunlu çıxış etmişdir. Dövlət başçısının çıxışı Azərbaycanın müstəqil xarici siyasətini, beynəlxalq münasibətlər sistemində artan rolunu, ərazi bütövlüyünün və suverenliyinin bərpasını, eləcə də regionda davamlı sülhün təmin olunmasına yönəlmiş mövqeyini əks etdirmişdir.
Azərbaycan– Şərqlə Qərbi birləşdirən strateji mərkəz Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsinin ölkəmizə mühüm geosiyasi və geoiqtisadi üstünlüklər qazandırdığını vurğulamışdır. Azərbaycanın nəqliyyat, enerji, iqtisadiyyat və humanitar sahələrdə həyata keçirdiyi əməkdaşlıq təşəbbüsləri ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə yanaşı, regionda təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə də töhfə verir.
Azərbaycanın xarici siyasəti dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, bərabərhüquqluluğa və daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların tətbiq edilməsinin yolverilməz olduğunu diqqətə çatdıraraq beynəlxalq hüququn bütün dövlətlər üçün eyni meyarlarla tətbiqinin vacibliyini qeyd etmişdir.
Tarixi ədalətin və beynəlxalq hüququn bərpası Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən üzləşdiyi çətinliklərə, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə, torpaqlarımızın uzun illər işğal altında saxlanılmasına və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsinə toxunmuşdur.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasını tələb edən qətnamələrin uzun müddət icra edilməməsini beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemlərdən biri kimi diqqətə çatdırmışdır. Həmin dövrdə münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsiz qalması da çıxışda vurğulanmışdır.
Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yalnız kağız üzərində qalmamalı, onların icrasını təmin edən təsirli mexanizmlər mövcud olmalıdır. Əks halda, beynəlxalq hüquqa etimad zəifləyir, münaqişələrin həlli çətinləşir və yeni qarşıdurmalar üçün zəmin yaranır. Vətən müharibəsi– tarixi Zəfərimizin təntənəsi 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir.
Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişdir. 2020-ci il noyabrın 10 da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılmışdır. Bununla belə, ölkəmizin suverenliyinin tam bərpası istiqamətində proses davam etmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bütün ölkə ərazisində bərpa etmişdir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi Qələbəsinin əhəmiyyəti xüsusi vurğulanmışdır. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də beynəlxalq hüququn, milli iradənin və tarixi ədalətin bərpası kimi qiymətləndirilir.