Dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı
Nəzrin Qasımova
YAP Suraxanı rayon təşkilatının gənc könüllüsü
Suraxanı Rayon Gənclər və İdman idarəsinin könüllülər qrupunun üzvü
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən Ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı.
Azərbaycan gənclərinin I forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm”. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi. Dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət idmana göstərilən dövlət qayğısı ilə də öz əksini tapır. Təbii ki, bu yönümlü siyasət Azərbaycanın milli genefondunun qorunması, habelə gəncləri vətənpərvər ruhda tərbiyə etmək zərurətindən meydana gəlmişdir. Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir.
Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində böyük uğurlar qazanılmışdır. Respublikanın gənclər təşkilatları BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsi bu irimiqyaslı tədbirə hazırlıq işlərini cəmi iki il yarım müddətdə başa çatdırdı. Azərbaycanın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə şübhə ilə yanaşan bəzi Qərb dairələrinin təəccübünə rəğmən çox qısa zaman ərzində Oyunların keçirilməsi üçün hər cür şərait yaradıldı. On yeddi gün ərzində davam edən multi-idman yarışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bütün çətinliklərə bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik. Bu gün hər bir Azərbaycan gənci Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir.