DİLİMİZ – KEÇMİŞİMİZ, BU GÜNÜMÜZ, GƏLƏCƏYİMİZ!

DİLİMİZ – KEÇMİŞİMİZ, BU GÜNÜMÜZ, GƏLƏCƏYİMİZ!

Təhminə Əsgərli

YAP Suraxanı rayon təşkilatının üzvü

S.Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika Gimnaziyasının müəllimi

Hər bir insanın təkamülündə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalq məhvə məhkumdur. Ana dilinii sevmək Vətəni, xalqı, milləti sevməkdir. Dil,  əlifba toplumun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, şübhəsiz ki, onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün ən mühüm nəsnədir.

Bütün dünyaya səpələnmiş azərbaycanlıların ana dili olan Azərbaycan dilinin möhtəşəmliyi məhz onun çox qədim tarixə malik olmasından qaynaqlanır. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlis ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir. Zaman-zaman xalqımızı tarix səhnəsindən çıxarmağa çalışanlar, ilk növbədə, dilimizi məhv etməyə səy göstəriblər, lakin buna nail ola bilməyiblər. Əcdadlarımız - Azərbaycanın düşünən beyinləri doğma dili yad təsirlərdən qoruyub saxlamış, yaşatmış, ən qiymətli ərməğan kimi gələcək nəsillərə ötürmüşlər.

Ana dili problemi bu gün yenə də aktual problem olaraq qalır, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülür. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açır. Bu tədbirlərdən biri də doğma dilimizin adlandırılması idi. Müxtəlif dövrlərdə dilimizə verilən adlar müzakirə olundu və 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında AZƏRBAYCAN DİLİ rəsmi dövlət dili elan olundu. Konstitutsiyamızın 21-ci maddəsinə əsasən, "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmiş, 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.


Ümummilli liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli Prezident Fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.

Ulu öndərin ana dilinin taleyi barədə təməl düşüncələrini şərtləndirən dil quruculuğundakı ideya istiqaməti bu gün də müasir siyasi baxışlara uyğun səviyyədə aparılmaqdadır. Bu istiqamətdə atılmış vacib addımlardan biri də Ulu öndərin 2002-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Republikasının qanunudur. Bu qanunda Azərbaycan dili müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, konseptual ideyalar irəli sürülmüşdür.

Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Prezident cənab İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Onun  2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdır.

Göründüyü kimi, ölkə rəhbərinin apardığı ardıcıl və uğurlu dövlət quruculuğu siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutmuşdur. Bunu Prezidentin Azərbaycan dili ilə bağlı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi qiymətli fikirlər sübut edir.

İstər Ulu Öndər, istərsə də Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyev ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirmişlər. Lakin unutnaq olmaz ki, ədəbi dilin saflığının qorunması hamıdan asılıdır, çünki dilin daşıyıcısı xalqdır və dil xalqın ən böyük mənəvi sərvətlərindən biridir. Məhz buna görə də varlığımız, kimliyimiz olan dilmizin saflığını qorumaq hamının vətəndaşlıq borcudur.