Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur hekayəsidir
İki dost ölkə olan Azərbaycan və Albaniya müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoq qurur. Ölkələr bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir və eyni zamanda enerji təhlükəsizliyi məsələlərində də fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayır,həmçinin TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir.
Ötən illərdə keşirilən Məşvərət Şurasının toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunan mövulardan olmuşdur. Sistemli mövqeyə malik Azərbaycan Enerji təhlükəsizliyinin təmin olunmasını ölkənin milli təhlükəsizlik məsələsi hesab edib. Bu gün Avrasiyadakı geosiyasi vəziyyətə nəzr salsaq apardığımız işlərin nə dərəcədə düzgün olduğunu görə bilərik.
Cənub Qaz Dəhlizi tamamilə yeni bir xətdir. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilmişdir. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi demək idi. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olması gözləniləndir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq.
Avropaya Azərbaycanın qaz təchizatının coğrafiyası günü-gündən genişlənir. Müasir günümüzdə Azərbaycan səkkiz ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Keçən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin özülündə, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Həmçinin onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı işləri davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat və mənbələr var, həmçinin nəqliyyat marşrutlarımız da yerindədir. Dost ölkə-Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək razılığı bu məsələlərin inkişafına xidmət edəcək.
Gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatının artacağını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyini təşkil edir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır. “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı da planlar vardır ki, potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etmək olar. Layihələrin bəziləri investorlarla birlikdə icra olunacaq, bəziləri isə SOCAR-ın özü tərəfindən həyata keçiriləcək.
Uzun illərdir ki, ortalıqda yayılan və Avropa istehlakçılarının artmaqda olan ehtiyaclarını ödəmək üçün “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi bütün şayiələr bir daha onu göstərdi ki, onlar tamamilə əsassızdır və bizim potensialımızın qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır.
Artıq üç ildir ki, fəaliyyət göstərən Cənub Qaz Dəhlizi layihəsi həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir.