Erməni mənfurlarının Qubadlı qəsbkarlığı tarix üçün əsl vandalizm nümunəsidir

Erməni mənfurlarının Qubadlı qəsbkarlığı tarix üçün əsl vandalizm nümunəsidir

Südabə Yaqubova

 Suraxanı Tibb Mərkəzinin direktor müavini

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonun 31 avqust 1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal edilməsi artıq yavaş-yavaş yaddaşlardan silinir. İndi yaddaşlara yazılan şərəfli tarix 25 oktyabr 2020-ci ildir. Qubadlının işğaldan azad olunduğu o qürurverici gün!

Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş etmişdir. Azərbaycanın xalq qəhrəmanları-adları dillərə dastan olan Qaçaq Nəbi və Həcər Qubadlı rayonundandırlar. Son əsrdə Azərbaycan elminə, hərb sənətinə, ədəbiyyatına samballı töhfə vermiş, yüksək ad-san qazanmış akademik Möhbalı Əmiraslanov, general Valeh Bərşadlı, Sosialist Əməyi Qəhrəmanı, xalq yazıçısı Süleyman Rəhimov Qubadlı torpağının yetirmələridirlər. Ümumilikdə isə əslən Qubadlıdan olan 2 nəfər akademik, 24 elmlər doktoru, 4 general, 6 nəfər Sosialist Əməyi Qəhrəmanı vardır.

Qubadlı rayonu 1988-ci ildən torpaq uğrunda 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid vermişdir. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. Onların ruhu qarşısında ehtiramla baş əyirik! 

Ermənistanın iki rayonu - Qafan və Gorus ilə həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri və zəhmətlə qazandıqları var-dövlət, tikdikləri imarətlər, yollar, körpülər, bir sözlə, bütün sahib olduqları ermənilər tərəfindən dağıdıldı, talan olundu. İşğalçılar daşı-daş üstdə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıbar. Qubadlı, həqiqətən, viran edilmişdir. İşğaldan qabaqkı illərdə qəsəbə və kəndlərdə onlarla yeni ictimai və yaşayış binaları tikilmiş, bağlar, xiyabanlar, meydanlar, körpülər salınmış, yollar çəkilmişdir. Vandallığı ilə tanınan düşmənin işğalı nəticəsində Qubadlının infrastrukturu məhv edilmişdir. Erməni mənfurlarının bu qəsbkarlığı tarix üçün əsl vandalizm nümunəsidir. 27 il ərzində bu torpaqlar yalnız talandı, viran qoyuldu, heç bir quruculuq işi aparmadı çünki gözləri yolda idi. Əsl sahiblərinin gələcəyini bilirdilər.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Bu şanlı tarixdir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Ermənistan silahlı qüvvələri II Qarabağ Müharibəsi dönəmində Qubadlı şəhərinin girəcəyində hərbi baza yaratmışdı. Qubadlı şəhərini düşmən tərəfindən azad etmək o qədər də asan deyildi. Qubadlını azad etmək üçün ilk növbədə ermənilərin istehkamları məhv edilərək bəzi yüksəkliklər ələ keçirilmişdir.

Zəngəzur dağları ilə Qarabağ silsiləsi arasında yerləşən Qubadlı şəhəri işğaldan azad olunan dördüncü böyük yaşayış məntəqəmiz idi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Şəhərin azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılmış, Azərbaycan Silahlı Qüvvələri Laçın dəhlizi istiqamətində irəliləməyə başlamışdı. Qubadlı rayonu həm də Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən inzibati ərazidir. Belə ki, Qubadlını azad etməklə Ermənistanla rəsmi dövlət sərhədini də bərpa etmişik.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun şücaəti və xalqımızın dəstəyi sayəsində artıq biz Qubadlının işğal gününü deyil, işğaldan azad edilməsi tarixini qeyd edirik.

Yaşasın Azərbaycan!