Cəbrayılın hekayəsi yenidən yazılır
Vüsal Qasımov
YAP Suraxnaı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 318 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Böyük Qayıdış prosesinin ən təsirli nəticəsi isə insanların doğma yurdlarına qayıtmasıdır. Onilliklər ərzində Cəbrayıldan uzaqda yaşamağa məcbur olmuş ailələrin şəhərə və kəndlərə köçürülməsi artıq davamlı xarakter alıb. Cəbrayıl şəhərində və rayonun Horovlu, Şükürbəyli kimi kəndlərində yüzlərlə ailə yeni evlərinə yerləşib. Bu evlər təkcə yaşayış yeri deyil, uzun illər gözlənilən qayıdışın gerçəkləşmiş formasıdır.
Yeni Cəbrayılın mənzərəsi ildən-ilə dəyişir. Şəhərdə çoxmənzilli yaşayış kompleksləri, məktəblər, səhiyyə və xidmət obyektləri yaradılır. Kəndlərin yenidən salınması zamanı isə insanların yalnız mənzillə təmin olunması deyil, normal həyat üçün lazım olan bütün sosial infrastrukturun qurulması əsas prinsip kimi götürülür. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri, idman və icma mərkəzləri ilə birlikdə yeni yaşayış məntəqələri formalaşdırılır.
Bu baxımdan Cəbrayıl Azərbaycanın müharibədən sonrakı inkişaf modelinin ən aydın nümunələrindən biridir. Burada bir tərəfdə dağıdılmış torpaqların ağır izi, digər tərəfdə isə böyük sürətlə yüksələn yeni şəhər və kəndlər görünür. Cəbrayılın bugünkü mənzərəsi həm müharibənin gətirdiyi dağıntıları, həm də sülh dövrünün yaratdığı quruculuq imkanlarını eyni anda nümayiş etdirir.
4 oktyabrın Cəbrayıl Şəhəri Günü kimi qeyd olunması da məhz bu iki tarixi mərhələni birləşdirir. Bu gün şəhidlərin xatirəsini, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı və xalqın illərlə qoruduğu qayıdış ümidini yada salmaqla yanaşı, artıq həyata keçirilən yeni quruculuğun nəticələrinə baxmaq üçün də bir fürsətdir.
Bir vaxtlar sakinləri ölkənin müxtəlif bölgələrinə səpələnmiş, küçələri və evləri dağıdılmış Cəbrayılda bu gün yenidən həyat var. Uşaqlar məktəbə gedir, ailələr öz evlərinə köçür, yeni yollar çəkilir, müəssisələr yaradılır, kəndlər bərpa olunur. İllərlə yalnız xatirələrdə yaşayan doğma yurd insanların gündəlik həyatının bir hissəsinə çevrilir.
Cəbrayılın hekayəsi buna görə yalnız keçmiş haqqında deyil. Bu, işğaldan azadlığa, dağıntıdan quruculuğa, məcburi köçkünlükdən doğma yurda qayıdışa uzanan bir tarixdir. 4 oktyabr isə həmin tarixin ən mühüm səhifələrindən biri olaraq Azərbaycan xalqının yaddaşında daim yaşayacaq.