Bütün bir xalq, inam, əzmkarlıq göstərərək o 44 günü savaş meydanında mərdliklə vuruşdu.

Bütün bir xalq, inam, əzmkarlıq göstərərək o 44 günü savaş meydanında mərdliklə vuruşdu.

Nərgiz Əzimzadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

6 saylı Xüsusiləşdirilmiş vərəm dispanserin həkimi

44 gün Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə yazılmış şanlı zəfərimizin ömrüdür. Azərbaycan 44 gün dünyaya səs salaraq bütün gücünü göstərdi. O güc ki, heç bir beynəlxalq təşkilat tərəfindən, heç bir bəyanat və danışıqlar nəticəsində həll yolunu tapa bilməyən gerçəklər bu 44 günün tamamında öz həqiqətlərini dünya birliyinə ifadə edə bildi.

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı.


Təəssüf ki ,beynalxalq qurumlarda bu qətnamələrin icrası üçün heç bir təzyiq göstərmirdi. Beləliklə, uzun sürən danışıqlar prosesi başlandı. Prezident Heydər Əliyevin başçılığı ilə Azərbaycan Respublilasına qarşı informasiya blokadasının yarılması, Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkənin ərazi bötövlüyünün sülh, danışıqlar yolu ilə təmin edilməsi istiqamətində gərgin və səmərəli iş aparıldı.

Azərbaycan Lissabon sammitində Ermənistanın və erməni lobbisinin uzun müddətdən bəri apardığı təbliğatının nəticələrini dəyişməyi bacarmışdı. Ermənistan bir daha işğalçı siyasət yürütdüyünü və beynalxalq hüququn bütün dünya tərəfindən qəbul olunmuş prinsiplərinə qarşı çıxdığını ortaya qoydu.1999-cu ildə ATƏT-in İstanbul sammiti çərçivəsində Prezident Heydər Əliyevin apardığı məqsədyönlü danışıqlar Ermənistanın qeyri-səmimi mövqeyini bir daha sübut etdi. Ermənistan hökuməti faktivi olaraq sülh sazişinin imzalanması prosesini ləngidirdi.

Sonrakı illərdə danışıqlar Minsk qrupu həmsədrləri tərəfindən yenilənmiş Madrid prinsipləri əsasında aparılmalı idi. Bu, 1994-cü il atəşkəs sazişindən sonra sülh danışıqları nəticəsində ortaya çıxan yeganə sənəddir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzalandırılmaması mənfur düşməni daha da ruhlandırırdı. Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzluğadək saxlamaq niyyəti güdürdü və bundan ötrü müxtəlif təxribatlara əl atırdı. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi.

Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.   

Danışıqlar prosesində intesivliyin artdığını görən Ermənistan davamlı hərbi təxribatlara əl atdı. ATƏT uzun illərdən bəri Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirsə də, heç bir konkret addım atmağa nail olmadı, ya da olmaq istəmədi. Təşkilatın münaqişənin həlli üçün konkret mexanizmi olmasa da, işğalçı dövlətə qarşı müəyyən təzyiqlər göstərmək, dünya birliyini bu prosesə cəlb etmək imkanları var idi. Ona görə də Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdərək beynəlxalq sammitlərdə qəbul olunmuş prinsiplərin heç birini nəzərə almadı. Azərbaycan suverenliyinə, ərazi bütövlüyünə qəsd edərək öz təcavüzkar əməllərini davam etdirməkdən çəkinmədi. Bir milyona qədər qaçqın və məcburi köçkünün hüquqlarını tapdalayaraq onları öz yurdlarından məhrum etdi,ağlasığmaz vəhşiliklərə yol verməklə beynəlxalq hüquqa dair heç bir öhdəliyi yerina yetirmədi.

Prezident İlham Əliyev, eyni zamanda, ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasət həyata keçirirdi. Bu siyasət, ilk növbədə, müharibə vəziyyətində olan respublikamızın iqtisadi gücünün və maliyyə imkanlarının artırılmasına hesablanmışdı. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında reallaşdırılan islahatlar sayəsində Azərbaycan bütün dünya üzrə ən dinamik templərlə inkişaf edən ölkələr sırasına yüksəldi. Özünün iqtisadi müstəqilliyinə nail olan Azərbaycan, həmçinin istənilən xarici təhdidi dəf etməyə və düşmənin başını əzməyə qadir olan güclü ordu qurmağa nail oldu. Qürurverici haldır ki, nüfuzlu reytinq agentliklərinin dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır.

2020-ci ilin iyulunda münaqişə zonasından kənarda yerləşən Tovuzda törətdiyi təxribat  və Tovuz ətrafında yerləşən strateji yüksəklikləri  ələ keçirmək cəhdi,beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərini təhlükə altına salması “sülh körpüləri”ni yandırmış oldu.Artıq xalqımızın səbr kasası dolmuşdu.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları başlandı.Azərbaycan ordusu II Qarabağ müharibəsində “Dəmir yumruq” adını alan planı həyata keçirməyə başladı.

Dövlətimizin başçısı çıxışında bunu xatırladaraq deyib: “Bu vəziyyəti, yəni, dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar. Bizim isə tam başqa fikrimiz var idi və mən bunu heç vaxt gizlətmirdim. Deyirdim ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, biz öz ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa edəcəyik. Beynəlxalq hüququn bütün norma və prinsipləri bu haqqı bizə tanıyır. BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, tarixi ədalət bu haqqı bizə verib. Biz buna nail olduq”.

Müharibə başlayan gün Ali Baş Komandanın dediyi Qarabağ Azərbaycandır cümləsi 44 günlük müharibə dövründə müharibənin simvoluna çevrildi. Cəmi 44 gün.

BİZ QALİB GƏLDİK!!!Çünki bizim yenilməyən, əzilməyən, ürkməyən, qorxu nədir bilməyən, əynindəki hərbi formanı, qollarındakı hilallı ulduzlu bayrağı, damarında axan türk qanını ləyaqətlə daşıyan, yenilməz qaməti məğrurluq zirvəsində meydan oxuyan igid oğullarımız var. Bütün bir xalq, inam, əzmkarlıq o 44 günü savaş meydanında mərdliklə vuruşdu. Bu, bir yumruqda bükülüb var gücü ilə  mücadilə edən məğrur bir xalqın qələbəsidir.Bu,canlarını vətən torpağına, ruhlarını isə Vətən göylərinə əmanət edən 2908 Azərbaycan oğlunun qələbəsidir.

Bu, Xudayarın qəlbindən dilinə köklənən Vətən soraqlı ifanın qələbəsidir. Bu, haqqın, ədalətin qələbəsidir. Bu Gəncədə vurulmuş ağappaq tüklərinin al-qırmızıya boyandığı sülh göyərçininin qələbəsidir. Bu, Vətən torpağın–Qarabağın qələbəsidir.  

Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, - deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.