BU GÜN CƏNUBİ QAFQAZDA TAMAMİLƏ YENİ VƏZİYYƏT YARANMAQDADIR 

BU GÜN CƏNUBİ QAFQAZDA TAMAMİLƏ YENİ VƏZİYYƏT YARANMAQDADIR 

Rəşad Mürşüdov

YAP Suraxanı Rayon Təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının Zığ QİƏD-nin nümayəndəsi

Müasir Azərbaycan dövlətinin qurucusu və Baş memarı Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə, dostu E. Şevardnadze Gürcüstanın prezidenti olarkən, bu respublikaya rəsmi səfərindən sonra,  əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq əlaqələri yenidən bərpa olundu. Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə dostluq əlaqələri, iqtisadi-siyasi münasibətlər daha da inkişaf etməkdədir.

Cənubi Qafqazın geosiyasi mənzərəsi sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyması bunun barız nümunəsidir. Hansi ki, bu strateji tərəfdaşlıq, təkcə dost ölkələr Gürcüstan və Azərbaycan üçün deyil, bütün Avrasiya regionu üçün mühüm sabitlik amili kimi diqqət mərkəzindədir. Bu baxımdan, 2026-cı il aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana növbəti səfəri bu münasibətlərin nə dərəcədə mühüm və diqqətəlayiq olduğunu bir daha nümayiş etdirdi. Təbii ki, Prezidentimizin bu səfəri sadəcə diplomatik bir protokol imzalaması yox, iki dost ölkə arasındakı əlaqələrə yeni bir təkan verən strateji addım kimi, mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iki dost ölkə arasındakı münasibətlərin gücü onların əsrlər boyu formalaşmış tarixi köklərindən rişələnir. Bu gün Azərbaycan və Gürcüstan respublikaları müstəqil suveren dövlətlər olaraq, inamla inkişaf edir və bu inkişafın başlıca amili qarşılıqlı hörmət və inamdır.  Gürcüstan-Azərbaycan dostluğunun siyasi müstəvidə də xüsusi önəm daşıdığını fərəhlə bildirən prezidentimizin vurğuladığı kimi, hər iki qardaş qonşu dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını beynəlxalq səviyyədə qətiyyətlə dəstəkləyir. Bu dəstək, sadəcə, bəyanatlarda deyil, bütün beynəlxalq təşkilatlarda nümayiş etdirilən vahid mövqedə özünü təcəssüm etdirir. Hansı ki, bu münasibətlər bütün qonşular üçün bir nümunə ola bilər. Regionda baş verən münaqişələr fonunda iki dost ölkənin nümayiş etdirdiyi bu həmrəylik, siyasi sabitliyin ən böyük təminatçısıdır.

İqtisadi əməkdaşlıq isə iki dost ölkə arasında münasibətlərin bel sütununu təşkil edən və  dinamik inkişafla irəliləyən sahələrdən biridir. Statistik göstəricilər bu tərəfdaşlığın miqyasını aydın şəkildə nümayiş etdirir. Belə ki, 2025-ci ildə iki dövlət arasındakı ticarət dövriyyəsi 800 milyon dolları keçmiş, cari ilin ilk rübündə isə kifayət qədər yüksək artım qeydə alınmışdır. Mövcud dinamika saxlanılarsa, ticarət həcminin ilin sonuna qədər 1 milyard dollar rəqəminə çatacağına əminlik yaranır.

Gürcüstan Respublikasında formalaşmış çox müsbət sərmayə mühiti azərbaycanlı sərmayədarları bu ölkəyə böyük maraq göstərməyə və daha fəal addımlar atmağa həvəsləndirir. Bu günə qədər Azərbaycan Respublikası tərəfindən qonşu ölkənin iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayə yatırılmışdır. Dinamik inkişafla davam edən İqtisadi əlaqələrin gələcək perspektivləri isə daha geniş hədəfləri əhatə edir, tərəflər yeni investisiya layihələri ilə yanaşı, gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanlarını da fəal şəkildə nəzərdən kecirirlər.

Prezidentimizin vurğuladığı kimi, müasir dünyada müharibələrin və qanlı toqquşmaların artdığı bir dövrdə Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaranmaqdadır. Regionun sülh, əmin-amanlıq və əməkdaşlıq məkanına çevrilməsində Gürcüstanın rolu əvəzsizdir. Gürcüstan Respublikasını regionda bir nömrəli tərəfdaş adlandıran Azərbaycan Prezidentinin böyük məmnuniyyət hissiylə qeyd etdiyi kimi,  bu gün Azərbaycan və Ermənistan arasındakı bəzi ticarət əlaqələri məhz Gürcüstan vasitəsilə həyata keçirilir. Bu, Gürcüstanın regionda "sülh körpüsü" funksiyasını necə uğurla yerinə yetirməsinin bariz nümunəsidir. 
Sülhü gücləndirməyin ən önəmli yolu məhz iqtisadi əlaqələr və ticarətdir.

Azərbaycan və Gürcüstan münasibətləri sadəcə mehriban qonşuluq deyil, ortaq maraqlar və qarşılıqlı mənfəət üzərində qurulmuş strateji tərəfdaşlıqdır. İki ölkə arasındakı bu sıx bağlılıq regiondakı digər dövlətlər üçün də bir inkişaf modelidir. 16 ölkəyə ixrac olunan Azərbaycan qazı Gürcüstandan keçir, Baki-Tbilisi-Ceyhan neft kəmərinin ardınca Cənub Qaz Dəhlizi də Gürcüstan ərazisindən keçir. Bununla yanaşı, Orta Dəhliz də Azərbaycan və Gürcüstandan keçdiyinə görə, bu iki qonşu dovlətlərin beynəlxalq miqyasda böyük əhəmiyyətə malik olması göz önündədir. Yeni layihələr, genişlənən ticarət əlaqələri və təhlükəsizlik sahəsindəki ortaq addımlar göstərir ki, Bakı və Tbilisi arasındakı bu möhtəşəm ittifaq bundan sonra da regionun gələcək taleyini müəyyən edəcək əsas güc mərkəzi kimi diqqət mərkəzindədir.