Cəbrayılın tarixində yeni mərhələ şəhərin azad edildiyi günlə bitmədi

Cəbrayılın tarixində yeni mərhələ şəhərin azad edildiyi günlə bitmədi

Pərvanə Mirzəzadə

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 43 saylı Şəhər Poliklinikasının əməkdaşı

Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində dönüş nöqtələrindən biri oldu. Burada əldə edilən hərbi üstünlük Azərbaycan Ordusunun cənub istiqamətində irəliləməsini sürətləndirdi, Hadrut, Zəngilan, Qubadlı və daha sonra Laçın istiqamətində yeni əməliyyat imkanları yaratdı. Başqa sözlə, Cəbrayıl uğrunda qələbə yalnız bir rayonun azad olunması deyildi, bu uğur sonrakı hərbi əməliyyatların coğrafiyasını genişləndirən mühüm strateji mərhələ idi.

Cəbrayılın azad olunmasından sonra Azərbaycan bayrağının Xudafərin körpüsü üzərində dalğalanması isə xalqın yaddaşına həkk olunan tarixi görüntülərdən birinə çevrildi. Araz çayı üzərində əsrlər boyu Azərbaycan tarixinin şahidi olmuş qədim körpüdə üçrəngli bayrağın ucaldılması həm siyasi, həm də mənəvi baxımdan böyük rəmzi məna daşıyırdı.

Vətən müharibəsində Cəbrayıl istiqamətində göstərilən qəhrəmanlıq dövlət tərəfindən də yüksək qiymətləndirildi. “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu döyüşlərdə iştirak etmiş minlərlə Azərbaycan hərbçisi həmin medalla təltif olundu. Bu, qələbənin arxasında dayanan əsgər və zabitlərin fədakarlığının tarixdə əbədi yaşadılmasının göstəricisidir.

Lakin Cəbrayılın tarixində yeni mərhələ şəhərin azad edildiyi günlə bitmədi. Əslində, həmin gündən etibarən başqa bir böyük proses – quruculuq, bərpa və qayıdış mərhələsi başladı.

Uzun illər dağıdılmış vəziyyətdə qalan ərazilərdə sıfırdan yeni yaşayış məntəqələri, yollar, enerji və sosial infrastruktur qurulmağa başladı. Cəbrayıl şəhərinin gələcək inkişaf konsepsiyası hazırlanaraq 2040-cı ilə qədər şəhərin necə formalaşdırılacağı müəyyən edildi. Yeni yaşayış məhəllələrinin, ictimai və inzibati binaların, təhsil və səhiyyə obyektlərinin tikilməsi nəzərdə tutuldu. Məqsəd sadəcə əvvəlki Cəbrayılı bərpa etmək deyil, müasir və dayanıqlı şəhər yaratmaqdır.

Bu inkişafın mühüm istiqamətlərindən biri Cəbrayılın iqtisadi potensialının yenidən formalaşdırılmasıdır. Rayonda yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı regionun gələcək iqtisadi həyatında xüsusi rol oynamaq üçün nəzərdə tutulub. Burada logistika, ticarət, anbar təsərrüfatı, avtomobil və texniki xidmət sahələri daxil olmaqla müxtəlif istiqamətlər üzrə biznes fəaliyyəti üçün imkanlar yaradılır. Yeni müəssisələrin fəaliyyətə başlaması həm investisiyaların cəlb olunmasına, həm də bölgədə yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Enerji infrastrukturu da Cəbrayılın yenidən qurulmasının əsas istiqamətlərindən biridir. Yeni yarımstansiyaların istifadəyə verilməsi, günəş elektrik stansiyalarının inşası rayonun gələcək enerji təminatının müasir və dayanıqlı əsaslar üzərində qurulmasına imkan yaradır. Cəbrayılın yaşıl enerji layihələrinin əsas məkanlarından birinə çevrilməsi bölgənin uzunmüddətli inkişaf perspektivlərini daha da genişləndirir.

Eyni zamanda, Cəbrayılı Qarabağın və Şərqi Zəngəzurun digər bölgələri ilə birləşdirəcək yol şəbəkəsi yaradılır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut və digər avtomobil yollarının inşası bölgədə insanların və yüklərin hərəkətini asanlaşdırmaqla yanaşı, iqtisadi inteqrasiyaya da xidmət edir.

 

Paylaş