Azərbaycanın qaz təchizatının şaxələndirilməsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətə malikdir

Azərbaycanın qaz təchizatının şaxələndirilməsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətə malikdir

Şahin Seyidov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış edərək enerji təhlükəsizliyi məsələlərinin qlobal miqyasda artan əhəmiyyətini vurğulayıb. Müasir dövrdə enerji təhlükəsizliyi hr bir dövlətin iqtisadi və siyasi sabitliyinin əsas komponentlərindən biri hesab olunur. Xüsusilə təbii qaz kimi strateji resursların etibarlı və davamlı şəkildə təmin edilməsi ölkələrin inkişaf strategiyasında mühüm yer tutur.

Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, bu resursların səmərəli və təhlükəsiz şəkildə dünya bazarlarına çıxarılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Xüsusilə təbii qaz ehtiyatlarının beynəlxalq bazarlara müxtəlif marşrutlarla çatdırılması ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir. Bu strategiya Azərbaycanın həm enerji ixracatçısı kimi mövqeyini gücləndirir, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

Bu gün Azərbaycan ümumilikdə 12 ölkəyə təbii qaz tədarük edir və bu, ölkənin enerji siyasətinin uğurlu nəticələrindən biri hesab olunur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var.  Mürəkkəb geosiyasi proseslərə baxmayaraq, Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına real töhfə verə bilib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Azərbaycan bu gün həm təşəbbüskar, həm əsas təchizatçı qismində Avropa və Asiya arasında mühüm enerji körpüsü rolunu icra edir.

Dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım göstərmək məqsədi daşıyır. Almaniya və Avstriya kimi böyük iqtisadiyyatlara malik dövlətlərə qaz tədarükünün başlanması isə Azərbaycanın Avropanın enerji bazarında mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, Avropa hüdudlarından kənara çıxaraq 1,5 milyard kubmetr həcmində qaz çatdırılması Azərbaycanın enerji siyasətinin humanitar və regional sabitliyə xidmət edən tərəfini də ortaya qoyur. Elektrik enerjisinin inkişaf üçün əsas şərt olduğunu nəzərə alsaq, bu addımın sosial-iqtisadi əhəmiyyəti xüsusilə diqqətəlayiqdir.

Azərbaycanın həyata keçirdiyi enerji siyasəti göstərir ki, qaz təchizatının şaxələndirilməsi həm regional, həm də qlobal miqyasda strateji əhəmiyyətə malikdir. Ölkəmiz bu sahədə həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ilə enerji təhlükəsizliyinə mühüm töhfə verir və dünya enerji xəritəsində öz mövqeyini daha da möhkəmləndirir. Bu uğurlar Azərbaycanın iqtisadi inkişafını gücləndirir, beynəlxalq mövqeyini möhkəmləndirir və gələcək inkişaf üçün geniş imkanlar yaradır. Enerji sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın dünya enerji bazarında mühüm rol oynadığını bir daha sübut edir.Bu siyasət enerji təhlükəsizliyini gücləndirir, iqtisadi sabitliyi təmin edir və ölkənin beynəlxalq nüfuzunu artırır.